...

Azərbaycanın 4 avarçəkəni Dünya Kubokunun finalına yüksəlib

Cəmiyyət Materials 7 May 2011 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 6-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə start verilib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, ilk yarış günündə 4 kanoeçimiz - Valentin Demyanenko, Andrey Kraytor və Sergey Bezuqlıy-Maksim Prokopenko dueti 3 məsafəyə yürüşdə əsas finala (Final A) vəsiqə qazanıblar. Demyanenko və Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr, Bezuqlıy-Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr və 500 metr məsafələrə yürüşdə həlledici yürüşün iştirakçılarına çevriliblər. Başqa sözlə, onların 4 medal qazanmaq imkanı var.

"Amma bu, hələ son deyil. Mayın 7-də Demyanenko və Kraytoru C-1 kateqoriyalı qayıqla, Bezuqlıy-Prokopenko duetini isə C-2 kateqoriyalı qayıqla 200 metr məsafəyə yürüşlər gözləyir", - məlumatda deyilir.

Valentin Demyanenko və Andrey Kraytor əvvəlcə 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə seçmə mərhələ yürüşlərinə qatılıb. Onlar ayrı-ayrı yarımqruplarda çıxış ediblər. Demyanenko bu məsafəni 1 dəqiqə 51,744 saniyəyə qət edərək, birinci yeri tutub. O, birbaşa əsas finala yüksəlib. Kraytor isə 1 dəqiqə 55,700 saniyə ilə 5-ci yeri tutub və yarımfinala çıxıb. Yarımfinalda isə Kraytor 1 dəqiqə 54,138 saniyə nəticə göstərərək, 2-ci yeri tutub və karyerasında ilk dəfə Dünya Kubokunun əsas finalına yüksəlib. Bu isə o deməkdir ki, mayın 8-də keçiriləcək C-1 kateqoriyalı qayıqla əsas final yürüşündə 9 iştirakçıdan 2-si Azərbaycan təmsilçisi olacaq.

2 nəfərlik kanoe qayığı ilə (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy-Maksim Prokopenko dueti seçmə mərhələyə uğurla start götürüb. Onlar 3 dəqiqə 41,017 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəliblər. Bu məsafəyə həlledici yürüş mayın 7-də olacaq. 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşə də Sergey Bezuqlıy-Maksim Prokopenko dueti uğurla başlayıb. Onlar bu məsafəni 1 dəqiqə 45,598 saniyəyə qət edərək, öz yarımqruplarında 3-cü yeri tutublar və birbaşa əsas finala yüksəliblər. Həlledici mərhələ yürüşü mayın 8-də keçiriləcək.

Üç gün davam edəcək yarışda Azərbaycanı ümumilikdə 6 kanoeçi və 4 kayakçı təmsil edir.

Mayın 7-də Mirnazim Cavadov K-1 kateqoriyalı qayıqla, Rüfət Vəlizadə-Tamerlan Mustafayev dueti isə K-2 kateqoriyalı qayıqla 200 metr məsafəyə yürüşdə mübarizəyə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti