...

Məhkumlar arasında stolüstü idman növləri üzrə turnir başa çatıb (FOTO)

Cəmiyyət Materials 10 May 2011 15:05 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məhkumlar arasında stolüstü idman növləri üzrə turnir başa çatıb.
Məhkumlar arasında stolüstü idman növləri üzrə turnir başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məhkumlar arasında stolüstü idman növləri üzrə turnir başa çatıb.

Trend-in məlumatına görə, bu gün 6 saylı cəzaçəkmə müəssisəsində turnirin final oyunları keçirilib.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin həyatı və keçdiyi ömür yolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Quliyev Heydər Əliyevin əsasını qoyduğu daxili, xarici siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib.

O qeyd edib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə dövlət tərəfindən vəsait ayrılıb. Quliyevin sözlərinə görə, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının müdafiəsi dövlətin xüsusi diqqətindədir.

PX rəisi bildirib ki, mayın 5-də stolüstü idman növləri üzrə yarımfinal mərhələsi keçirilib.

Dama və şahmat oyunlarının yarımfinal mərhələləri Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən cəsaçəkmə müəssisələri üzrə 2 saylı cəzaşəkmə müəssisəsində, Qaradağ rayonu üzrə 12 saylı cəzaçəkmə müəssisəsində, Nizami rayonu üzrə isə 15 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub.

Baki şəhər Gənclər və İdman Baş İdarəsinin, elecə də respublika şahmat və dama federasiyalarının dəstəyi ilə bu gün final oyunları keçirilib.

Şahmat üzrə 6 saylı müəssisədə cəza çəkən Şahlar Mehdiyev, dama üzrə 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumu Elşən Məmmədov qalib olub.

Qaliblərə hədiyyələr təqdim edilib.

Müəssisədə açılan 3 aylıq kompyuter kurslarını bitirən 10-a yaxın məhkuma isə sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti