Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/
Ukraynada Azərbaycan Gənclər Birliyinin (UAGB) təşkilatçılığı ilə "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin dəstəklənməsi üçün kampaniya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü UAGB-dən bildiriblər.
Kiyevin məşhur restoranlarından birində təşkil olunacaq "Ukrayna, Azərbaycana 12 bal verin" adlı kampaniyaya həsr olunan tədbirdə Eldar və Nigarın çıxışı canlı yayımda nümayiş olunacaq.
200-dən çox azərbaycanlı və ukraynalı gəncin iştirak edəcəyi tədbirdə müxtəlif hədiyyələrin təqdim olunması gözlənilir.
Düsseldorfda "Esprit Arena"da keçirilən "Eurovision-2011" mahnı müsabiqəsinin I yarımfinalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal uğurla çıxış ediblər.
Təmsilçilərimiz isveçli müəlliflərə məxsus "Running Scared" mahnısını uğurla ifa ediblər. Düsseldorf səhnəsində Avropa ictimaiyyəti qarşısında "El&Nikki" səhnə adı ilə çıxış edən Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.