Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Baş Dövlət Yol Polisi yaxın gələcəkdə sürücülük hüququ əldə etmək üçün imtahan zamanı avtomat sürət qutusu olan avtomobillərin idarə olunmasını mümkünsüz sayır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycanda imtahanlar zamanı avtomat sürət ötürücüsü olan avtomobillərin idarə olunması ilə bağlı tələb yoxdur.
"Tələb olarsa, təklif vermək mümkündür. Lakin yaxın gələcək üçün Azərbaycanda bunun tətbiqi real görünmür", - Əliyev deyib.
O, qeyd edib ki, nəqliyyat vasitəsini idarə etmək üçün sürücü həm nəzəri, həm də təcrübi baxımdan daha mükəmməl biliyə və vərdişlərə malik olmalıdır.
"Mexaniki sürət ötürücüsü olan avtomobilin idarə edilməsini öyrənən şəxsin sürücülük vərdişləri daha mükəmməl olur. Bu baxımdan, nəqliyyat vasitəsinin idarə edilməsi vərdişləri ilə bağlı imtahan aparılarkən mexaniki sürət ötürücüsü olan avtomobillərdən istifadə edilir", - şöbə rəisi vurğulayıb.
Bəzi ölkələrdə sürücülük hüququ almaq üçün həm mexaniki, həm də avtomat sürət ötürücüsü olan avtomobillərin idarə olunmasından imtahan verilir. Bu halda həmin şəxsin sürücülük vəsiqəsində avtomat sürət ötürücüsü olan avtomobil idarə etməli olması barədə qeyd aparılır.
Sürücülərin imtahan zamanı avtomat sürət ötürücüsü olan avtomobillərdən istifadəsi mümkünsüzdür - Dövlət Yol Polisi
Azərbaycanın Baş Dövlət Yol Polisi yaxın gələcəkdə sürücülük hüququ əldə etmək üçün imtahan zamanı avtomat sürət qutusu olan avtomobillərin idarə olunmasını mümkünsüz sayır.
