...

Artıq qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin təxminən 80 faizi ərizə verib - TQDK

Cəmiyyət Materials 20 May 2011 12:20 (UTC +04:00)
İndiyədək Azərbaycanın ali məktəblərinə qəbulla bağlı 83 700 nəfər ərizə verib. Onların təxminən 74 mini öz ərizəsini təsdiqlədib.
Artıq qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin təxminən 80 faizi ərizə verib - TQDK

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

İndiyədək Azərbaycanın ali məktəblərinə qəbulla bağlı 83 700 nəfər ərizə verib. Onların təxminən 74 mini öz ərizəsini təsdiqlədib. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin müavini Namiq Babayev bildirib.

Onun sözlərinə görə, qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin 75-80 faizi artıq ərizə verib.

Babayev deyib ki, ali məktəblərə müsabiqədən kənar qəbul üçün 52 nəfər müraciət edib. Onların 3-ü incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin qalibi, 49-u isə idman yarışlarının qalibləridir. Müsabiqədən kənar qəbul üçün hələ ki dünya fənn olimpiadalarının qalibləri müraciət etməyib.

Mayın 22-də rus bölməsinin 10 275 abituriyenti Azərbaycan dili fənnindən imtahan verəcək. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Qubada keçiriləcək. Abituriyentlər bu imtahanların nəticələrini TQDK-nın rəsmi saytından öyrənə biləcəklər. Mayın 22-də keçiriləcək imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlər iyunun 26-da Azərbaycan dili fənnindən keçiriləcək növbəti imtahanlarda təkrarən iştirak edə bilərlər.

TQDK sədrinin müavini qeyd edib ki, ötən illə müqayisədə bu il Azərbaycan dili fənnindən imtahanda iştirak etmək üçün daha az sayda abituriyent qeydiyyatdan keçib. Ötən il ilk mərhələdə rus bölməsinin 11 042 nəfər abituriyenti Azərbaycan dili fənnindən imtahan vermişdi.

Bu il qəbul imtahanlarında iştirak etmək üçün rus bölməsi üzrə 4800 abituriyent qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti