...

Azərbaycan avarçəkənləri Dünya Kubokunun I mərhələsində mübarizə aparırlar

Cəmiyyət Materials 28 May 2011 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun I mərhələsində mübarizəyə başlayıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, nüfuzlu yarışda ölkəmiz geniş tərkibli heyətlə təmsil olunur.

İlk dəfə olaraq yığmamızın heyətində qadın idmançı - Nataliya Mustafayeva yer alıb. Mustafayeva 1 nəfərlik yüngül çəkili qayıqla (W1X) mübarizə aparır.

Kişilərin mübarizəsində Aleksandr Aleksandrov 1 nəfərlik (M1X), Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili (LM1X), Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili (LM2X) qayıqlarla çıxış edirlər.

İdmançılar 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayırlar.

Seçmə mərhələdə Nataliya Mustafayeva məsafəni 7 dəqiqə 26,22 saniyəyə qət edərək, 3-cü yeri tutub. Bu nəticə ilə Mustafayeva təsəlliverici mərhələyə çıxıb.

Aleksandr Aleksandrov 6 dəqiqə 48,86 saniyə nəticə ilə 3-cü olub. Kamal Məmmədov 7 dəqiqə 21,90 saniyə nəticə ilə finişə 4-cü çatıb. Hər iki idmançı təsəlliverici mərhələyə çıxıb.

Nəhayət, Cavid Əfəndiyev - İqor Xmara dueti 6 dəqiqə 26,21 saniyə nəticə ilə 4-cü yeri tutub. Onlar ¼ finala vəsiqə qazanıblar.

Dünya Kubokunun I mərhələsinə mayın 29-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti