...

"Dünya" məktəbinin IB proqramı dünya universitetlərinə qəbul olunmaq üçün ən uyğun proqramdır - koordinator

Cəmiyyət Materials 31 May 2011 17:07 (UTC +04:00)
"Dünya" məktəbinin IB təhsil proqramı üzrə koordinatoru Rəna Musayeva ilə müsahibə
"Dünya" məktəbinin IB proqramı dünya universitetlərinə qəbul olunmaq üçün ən uyğun proqramdır - koordinator

Azərbaycan, Bakı, 31 may /Trend/

"Dünya" məktəbinin IB təhsil proqramı üzrə koordinatoru Rəna Musayeva ilə müsahibə

- Rəna xanım, ilk olaraq IB təhsil proqramı haqqında qısaca məlumat verməyinizi istərdik.

- Beynəlxalq Bakalavr Təşkilatı 1968-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən diplomat övladları üçün yaradılıb. Çünki obyektiv vəziyyətlə əlaqədar ölkə dəyişdikcə bu uşaqlara o olkələrin təhsil sisteminə uyğunlaşmaq çətin idi. Məhz bu səbəbdən qərara alındı ki, elə bir sistem yaradılsın ki, uşaqlar başqa ölkələrə getdikdə belə, eyni təhsil sistemi üzrə oxumaq şansı əldə etsinlər. Bu sistem üzrə tədris yalnız 3 dildə - ingilis, ispan və fransız dillərində aparılır.

Azərbaycana bu sistem 1998-ci ildə əsasən xarici vətəndaşların uşaqlarının oxuması üçün BP-nin beynəlxalq məktəbi (TISA) tərəfindən gətirilib. Xəzər Universiteti nəzdində fəaliyyət göstərən orta ümumtəhsil "Dünya" məktəbi 2009-cu il yanvarın 16-da ilk xalis Azərbaycan məktəbi olaraq beynəlxalq IB statusu alıb və Beynəlxalq Bakalavr Təşkilatının (International Baccalauraute Organization) akkreditasiyasını keçib.

- "Dünya" məktəbinin IBO-ya üzvlüyü prosesi necə keçdi?

- Mən deyərdim ki, xeyli əziyyət çəkdik. Bu proqram spesifik olduğu üçün onun tələbləri də çoxdur. Ümumiyyətlə, bir məktəbin IBO-da üzvlüyü prosesi 2 il çəkir və kifayət qədər bahalı bir layihə oldu bizim üçün. Təsəvvür edin ki, "Dünya" məktəbi olaraq, biz hər il 11 min dollarlıq üzvlük haqqı ödəyir və müəllimlərin xaricdə treninqinə böyük xərc çəkirik. Hazırda bu proqramdan heç bir maddi mənfəət əldə etmirik, əksinə, böyük sərmayə qoyuluşu edirik.

Biz "Dünya" məktəbi olaraq, bu sistemin diplom proqramını tətbiq edirik. Bu o deməkdir ki, orta məktəbin son iki sinfi - 10-cu və 11-ci sinifləri ingilis dilində beynəlxalq tədris planı əsasında fəaliyyət göstərir. Bu dilplom pilləsi həmçinin şagirdləri ali məktəblərə, o cümlədən dünyanın ən yaxşı universitetlərinə hazırlayır. Şagirdlərin oxuduğu 6 əsas fənnin 3-ü yüksək səviyyədə (tədqiqat), yerdə qalan 3-ü isə standard səviyyədə olmalıdır.

Bundan başqa, uşaqlar 3 çox maraqlı və çox vacib əlavə fənn də öyrənirlər. Birincisi, "Bilik nəzəriyyəsi", ikincisi "Yaradıcılıq, xidmət və fəaliyyət" adlı fənndir. Üçüncü isə şagirdlərin bu proqram çərçivəsində yazacağı 4 min sözdən ibarət inşadır; seçilmiş mövzu üzərində şagird 2 il ərzində tədqiqat işi aparır.

- "Dünya" məktəbinin IB sinfində neçə şagird təhsil alır? Onların seçimi necə aparılır?

- Bizdə hazırda IB sinfində 3 şagird təhsil alır. Əslində şagirdlərimizin çoxu bu proqramda iştirak etməyə həvəsli idi. Lakin sonradan təhsil sırf ingilis dilində olduğundan bir az çəkindilər, risk etmədilər. İndi onların çoxu peşman olub. Hazırda bu 3 şagird hamı üçün bir nümunədir. Gələcəkdə onların sayını 25-30-a çatdırmaq fikrimiz var.

Bizdə IB sinfinə seçim məktəb daxilində baş verir. IB proqramına namizəd şagirdlər müəllimlərin rəyi ilə təklif olunur. Adətən bu seçim 9-cu sinfin sonunda baş verir. Bu ildən etibarən bu işə 8-ci sinifdən başlamaq istəyirik. Ümumiyyətlə, hər hansı orta məktəbin 9-cu sinfini bitirmiş şagird IB sinfinə sənəd verib imtahanda gücünü sınaya bilər. Ən yaxşısı isə dünya məktəbinin 8-ci və ya daha aşağı siniflərinə gəlib IB proqramına hazırlıq keçməkdir.

- Şagirdlərin qiymətləndirilməsi necə aparılır?

- IB sinfində təhsil alan şagirdlərə "Kimya", "Biologiya", "Riyaziyyat", "Tarix", "İngilis dili" və "Azərbaycan ədəbiyyatı" fənləri tədris olunur (zəruri hallarda digər fənnlər də əlavə oluna bilər). Bizə, yəni məktəbin müəllimlərinə imtahanlarda yalnız 30 faiz qiymətləndirmə aparmaq icazəsi verilir. Qiymətləndirmənin 70 faizi isə IBO tərəfindən aparılır. Suallar möhürlənmiş şəkildə məktəbə göndərilir və elə o formada da cavablarla geri qaytarılır. IB proqramına inam o qədər güclüdür ki, dünyanın bütün ali təhsil müəssisələri IB məktəbini bitirənləri öz tələbələri sırasına qatmağa çalışırlar.

- Rəna xanım, bu proqram üzrə hər şagird təhsil ala bilərmi?

- Təbii ki, hər şagird IB proqramı üzrə təhsil ala bilməz. Ona görə yox ki, bu proqram çətindir, o səbəbdən ki, qabiliyyətlə yanaşı, bu proqram üzrə təhsil alan şagird elmə, biliyə, bir sözlə, öyrənməyə həvəsli olmalıdır. Çalışqan və öz üzərində işləməyi bacaran olmalıdır. Əzbərçi olmamalı və düşünməyi, təhlil etməyi bacarmalıdır.

- Bu proqramın üstünlüklərini nədə görürsünüz?

Mən özüm 20 ildən artıqdır ki, təhsil sistemində çalışıram və bu sahədə kifayət qədər təcrübəm var - həm Azərbaycanda, həm xaricdə. Mənim üçün hazırda bu sistemdən yaxşısı yoxdur. Bu sistem uşaqlara həqiqətən yeni bilgilər və keyfiyyətlər aşılayır. Burada qətiyyən əzbərçilik yoxdur. Uşaqlar düşünməyi, qarşıya çıxan problemləri təhlil və həll etməyi öyrənirlər.

Baxın, biz əvvəllər deyirdik ki, məktəb bilik mənbəyidir. Amma indi bunu deyə bilmirik. Çünki bilik bu gün elə sürətlə yenilənir ki... Üstəgəl, beynin hüceyrələri hər məlumatı qəbul etmək iqtidarında olmur. Məhz bu sistem şagirdlərə imkan verir ki, bütün bilgiləri süzgəcdən keçirib nəyin mühüm olduğunu müəyyənləşdirə bilsinlər.

Bu proqramın üstünlüklərindən biri də uşaqlara insani duyğuların və mərhəmət hissinin aşılanmasıdır. Biz özəl məktəbdə işləyirik və təbii ki, burada təhsil alan uşaqlar xüsusi qayğı ilə əhatələnmiş olur. Ümumilikdə bu sahədə iş görülməsə, uşaqlarda mərhəmət hissi get-gedə azala bilir. Bu, əslində cəmiyyətin bəlasıdır. Hamımız yaşlanırıq, başımıza hər cür hadisə gələ bilər və onların gözlərindəki laqeydlik yaxşı hal deyil. Birinci dəfə şagirdlərə kimsəsiz küçə uşaqları haqqında danışdıqda əksəriyyəti güldü. Amma sonradan real həyatdan bir misal gətirdim və gördüm ki, onların fikirləri dəyişdi, baxışları dəyişdi. Və hətta sonda IB sinfində təhsil alan şagirdlərdən biri yazdığı inşa işinin sonunda "mənim hazırda nəyim varsa, onu həmin küçə uşaqları ilə bölüşməyə hazıram" cümləsini qeyd etdi. Bax, bu məhz IB proqramının nəticəsi oldu.

Biz mütəxəssis yetişdirməklə yanaşı, şagirdlərin əsl insan kimi yetişməsinə çalışırıq. Bu proqram həm insan, həm də mütəxəssis yetişdirir. Uşaqlar tədqiqat aparmağa alışdırılır, heç kimin fikri əzbərlənib təkrarlanmır. Bu proqram Azərbaycanda mütəxəssis çatışmazlığının, xaricdən gələn kadr axınının qarşısını almaq üçün mühüm rol oynaya bilər. Bu gün çoxları şikayətlənir ki, iş yeri yoxdur, işsizdir. Amma mənim fikrim budur ki, iş var, sadəcə lazımi savadlı kadrlar yoxdur. "Dünya" məktəbinin IB proqramı peşəkar kadr olmağın ən doğru yoludur. Bunu əminliklə deyə bilərəm.

Xəbər lenti

Xəbər lenti