...

Azərbaycan alimləri III Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransında iştirak edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2011 04:45 (UTC +04:00)
30-31 may tarixlərində Türkiyənin Konya şəhərində Səlcuq Universiteti Səlcuq Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransı keçirilmişdir. Konfrans may ayının 30-da Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində öz işinə başladı.
Azərbaycan alimləri III Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

30-31 may tarixlərində Türkiyənin Konya şəhərində Səlcuq Universiteti Səlcuq Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransı keçirilmişdir. Konfrans may ayının 30-da Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində öz işinə başladı. Konfrans iştirakçıları əvvəlcə Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı sərgisi ilə tanış oldular. Sərgidə müxtəlif ölkələri təmsil edən 60-a yaxın əl işi nümayiş etdirilirdi.

Konfransa Türkiyə, Azərbaycan, İran və digər ölkələrdən etnoqraf, sənətşünas və arxeoloqlar qatılmışdır. Azərbaycanı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə geniş elmi heyət (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, professor Qafar Cəbiyev, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, direktor müavinləri Məhfuzə Zeynalova, Həbibə Əliyeva, Xüsusi fondun mühafizi Afət Rüstəmbəyova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşı Təranə Məlikova, MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü Qədrəddin Nemətzadə) təmsil etmişdir.

Konfransın təşkilat komitəsinə rəhbərlik edən tanınmış türk alimləri ilə yanaşı, akademik Nailə Vəlixanlı da çıxış etmişdir. Azərbaycan təmsilçilərindən epiqraf Həbibə Əliyevanın "Azərbaycan xalça və parçalarında xətt nümunələri", etnoqraf Afət Rüstəmbəyovanın "AMEA Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasındakı qələmkar səhnələri", Məhfuzə Zeynalovanın "AMEA Milli Azərbaycan Tarixi Muzeyindəki xalça və parçaların qorunması" mövzusunda məruzələri dinlənilmişdir.

Professor Qafar Cəbiyev və tarix elmləri namizədi Fariz Xəlillinin "Orta əsr Ağsu şəhəri qazıntılarında tekstil və boyaq örnəkləri" barədə məruzələri konfrans iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Ağsu tədqiqatlarında xarici ölkələrdən, o cümlədən Türkiyə, İtaliya və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə əldə olunmuş elmi nəticələr və bu nəticələri əks etdirən videogörüntülər natiqlər tərəfindən konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır. Ağsu qazıntıları ilə bağlı nəşr olunmuş kitab və kataloqlar, habelə "Xocalı vaxtı" və "Tərəkəmə çərşənbəsi" filmlərindən ibarət diskləri konfrans iştirakçılarına və Səlcuq Araşdırmaları Mərkəzinə hədiyyə edilmişdir. Tanınmış türk alimi professor Örcün Barışta Azərbaycan arxeoloqlarının tədqiqatlarının əhəmiyyətini yüksək qiymətləndirərək Türkiyənin ayrı-ayrı şəhərlərində, o cümlədən İstanbul, Amasiya, Manisa və Konyada Ağsu materiallarından ibarət sərgilərin təşkili məsələsini gündəmə gətirmişdir.

Türk xalqlarının toxuculuq və ənənəvi sənətkarlıq nümunələrinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Səlcuq Araşdırmaları Mərkəzinin xüsusi mükafatına layiq görülmüşdür.

Mədəni İrsin tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərinə görə konfransın Təşkilat Komitəsinin rəhbəri Əhməd Aytaç MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin xüsusi diplomu ilə mükafatlandırılmışdır.

Akademik Nailə Vəlixanlı konfransın yekun iclasında çıxış edərək 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsini təklif etmişdir. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə bəyənildi. Beləliklə, 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olundu.

Xəbər lenti

Xəbər lenti