Azərbaycan, Bakı, 8 iyun / Trend, müxbir M.Əliyev/
Azərbaycanda əhaliyə faizsiz ipotekanın verilməsi təşəbbüsü irəli sürülüb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çərşənbə günü Trend-ə bildirib ki, Azərbaycanda sosial ipoteka məsələsinə yenidən baxılmalıdır və ipoteka kreditləri kommersiya məqsədli olmalı deyil.
"İpoteka dövlətin öz evsiz vətəndaşlarına dəstək layihəsidir və fikrimcə, ipoteka kreditinin faizi yalnız inflyasiya dərəcəsinə bağlanmalıdır", - Quliyev bildirib.
Komitə sədrinin müavini hesab edir ki, dövlət uzun müddətə vətəndaşına borc verməlidir, və o borcu inflyasiya nəzərə alınmaqla sonra geri almalıdır. O bildirib ki, bankların gəlir güdmələri ipotekanın Azərbaycanda bərqərar olunmasına mane olan amillərdən biridir.
"Azərbaycan dövlətinin artıq kifayət qədər maliyyə resursları var, ildən ilə büdcə genişlənir, neft-qaz ehtiyatlarımız 100 ilimizə bəs edəcək həddədir və artıq faizsiz ipoteka verilməsi tətbiq oluna bilər", - Quliyev bildirib.
Onun sözlərinə görə, məqsəd gənclərə, müəyyən sosial ehtiyacı olan insanlara deyil, bütövlükdə evi olmayan vətəndaşlara ipotekanın verilməsidir. Quliyev bildirib ki, ipotekanın kommersiya deyil sosial modeli daha geniş tətbiq edilməlidir.
Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət qurumu kimi yardılıb. Onun nizamnaməsi prezidentin ayrıca sərəncamı ilə 2005-ci ilin dekabrında təsdiqlənib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının mənzillə təmin olunması ilə əlaqədar uzunmüddətli maliyyələşdirmə vasitəsilə maliyyə mexanizmlərinin yaradılması, eləcə də daxili və xarici investisiyaların ipoteka maliyyələşdirilməsinə cəlb edilməsidir.
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum məbləği 50 min manat təşkil edir və illik 8 faizlə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.