...

ADA-nın təşkilatçılığı ilə Amerikada və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı keçirilib

Cəmiyyət Materials 14 İyun 2011 11:41 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı doktorantların ikigünlük konfransı keçirilib.
ADA-nın təşkilatçılığı ilə Amerikada və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı keçirilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı doktorantların ikigünlük konfransı keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ADA-nın mətbuat xidməti məlumat yayıb.

Konfransı açan An-Mari Lizin qonaqları salamlayıb, Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev tədbirin məqsəd və vəzifələri barədə danışıb.

Konfransın ilk günündə Belçika parlamentinin keçmiş sədri, senator An-Mari Lizin Avropanı təhdid edən enerji böhranının aradan qaldırılmasında neft və qazla zəngin olan Azərbaycanın rolunu yüksək qiymətləndirib, Avropa İttifaqının enerji təhlükəsizliyi, digər iqtisadi sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olmasından bəhs edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçıları qarşısında "İctimai diplomatiya və elm adamlarının bu sahədə rolu" mövzusunda məruzə ilə çıxış edib. Səfir Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etdikdən sonra müxtəlif ölkələrlə diplomatik əlaqə yaratmasından, dünyanın 60-dan çox dövlətində səfirliklərimizin, daimi nümayəndəliklərimizin və baş konsulluqlarımızın fəaliyyət göstərdiyini diqqətə çatdırıb, diplomat peşəsinin çətin, eyni zamanda şərəfli peşə olduğunu xatırladıb, ölkəmizin müstəqil siyasət yeritdiyini xüsusi vurğulayıb.

Əmirbəyov diplomatiyanın formalaşmasında elm adamlarının xüsusi rol oynadıqlarını bildirib.

ADA-nın rektoru Hafiz Paşayev konfransla bağlı müsahibəsində bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Amerikada təhsil alan azərbaycanlı doktorantlar arasında sıx və hərtərəfli münasibətlər yaranıb. Akademiya ilk dəfədir ki, Avropada təhsil alan doktarantlarla belə bir konfrans keçirir.

"Bu konfransda hər bir doktorant çalışdığı mövzu barədə məlumat verməklə yanaşı, öz potensial imkanlarını da nümayiş etdirir. Belə konfranslar keçirməklə biz xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim edir, onların arasından ən yaxşılarını üzə çıxarır və ADA-da işə dəvət edirik. Mənim üçün Amerikada təhsil alan azərbaycanlı doktorantlarla Avropanın ali məktəblərində oxuyanların bilik səviyyəsinin müqayisəsi xüsusi maraq doğururdu. Etiraf edim ki, müəyyən dərəcədə fərqin şahidi oldum", - Paşayev bildirib.

Xəbər lenti

Xəbər lenti