...

Dünya Kubokunun növbəti mərhələsində Azərbaycanı iki akademik avarçəkən təmsil edəcək

Cəmiyyət Materials 15 İyun 2011 13:30 (UTC +04:00)
İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək.
Dünya Kubokunun növbəti mərhələsində Azərbaycanı iki akademik avarçəkən təmsil edəcək

Azərbaycan, Bakı, 15 iyun /Trend/

İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Üç gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı bir kişi və bir qadın avarçəkən təmsil edəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, onlar 27-29 mayda Münhen şəhərində keçirilmiş I mərhələdə komanda yoldaşlarına nəzərən daha yaxşı nəticə göstərmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. Aleksandrov kişilər, Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (müvafiq olaraq, M1X və W1X) mübarizə aparacaq. Avarçəkənlərimiz 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.

Milli komandamızın baş məşqçisi Rudiger Hauffenin sözlərinə görə, qarşıdakı yarışda məqsəd daha yaxşı nəticələr göstərməkdən ibarətdir.

38 ölkənin 500-dən çox idmançısının qatılacağı yarışda Aleksandr Aleksandrov və Nataliya Mustafayeva ciddi rəqabətlə üzləşəcəklər. 2010-cu ildə 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında gümüş medal qazanmış Aleksandrovun rəqibləri arasında kişilər arasında dünya çempionu, çexiyalı Andrey Sinek, Dünya Kubokunun I mərhələsinin qalibi, yeni zelandiyalı Mahe Drizdeyl, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, norveçli Olaf Tufte kimi idmançılar var. Mustafayeva isə keçmiş dünya və olimpiya çempionu, belaruslu Yekaterina Karstenə rəqib olacaq.

Dünya Kubokunun I mərhələsində 5 idmançımız mübarizə aparıb. Onlardan həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva 11-ci yeri tutub. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla 13-cü, Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla yürüşdə 21-ci olub.

Xəbər lenti

Xəbər lenti