...

Azərbaycan folklor nümunələrinin qorunması ilə bağlı beynəlxalq konvensiyaya qoşulacaq

Cəmiyyət Materials 22 İyun 2011 16:02 (UTC +04:00)
Azərbaycan folklor nümunələrinin qorunması ilə bağlı bu ilin sonunda qəbul olunması gözlənilən beynəlxalq konvensiyaya qoşulacaq.
Azərbaycan folklor nümunələrinin qorunması ilə bağlı beynəlxalq konvensiyaya qoşulacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan folklor nümunələrinin qorunması ilə bağlı bu ilin sonunda qəbul olunması gözlənilən beynəlxalq konvensiyaya qoşulacaq. Bu barədə Trend-ə Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib.

Onun sözlərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatında folklor nümunələrinin qorunması haqqında konvensiyanın hazırlanmasına agentliyin mütəxəssisləri də cəlb olunublar.

"Qəbul olunacaq konvensiyada başqa dövlətlərin folklor nümunələrindən istifadə olunarkən şərtlər müəyyən olunacaq - mənbə, kimə məxsusluğu göstərilməlidir, onun məzmunu təhrif olunmamalıdır", - Həsənli bildirib.

Azərbaycanda "Folklor nümunələrinin hüquqi qorunması haqqında" qanuna bu ilin iyun ayında edilən əlavə və dəyişikliklərə görə, fiziki və hüquqi şəxslər - xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədilə istifadəyə görə Azərbaycan hökumətindən icazə almalı və ödəniş etməlidirlər.

Prezidentin imzaladığı müvafiq fərmanda qeyd edilir ki, bu nümunələrin istifadəsinə görə icazə verilməsi və ödənişin alınması funksiyası Azərbaycanın Müəllif Hüquqları Agentliyinə verilir.

Agentliyinin şöbə müdiri bildirib ki, Şərqi Avropada və MDB məkanında ilk dəfə Azərbaycanda qəbul olunan bu müddəaların mədəni irsimizin qorunmasında çox böyük əhəmiyyəti olacaq.

Həsənlinin sözlərinə görə, beynəlxalq konvensiya qəbul olunana qədər bu sahədə yaranan problemlər "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası ilə tənzimlənəcək. "Bu konvensiyanın 200-dən çox üzvü var və orada da müəllifi konkret məlum olmayan əsərlərin qorunmasına dair konkret müddəalar var. Digər tərəfdən ikitərəfli sazişlər əsasında və digər beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın folklor nümunələri qorunacaq", - o bildirib.

Həsənli bildirib ki, hazırda digər dövlətlərin hüquqi və fiziki şəxslərinin ölkə hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydaları və istifadəyə görə haqqın məbləğinin müəyyən olunması istiqamətində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti