Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/
Hazırda Azərbaycanda çay turizmi yoxdur, buna görə də Kür çayından istifadə etməklə Azərbaycanda çay turizmi yaratmaq olar. Bunu Trend-ə Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin və Azərbaycanda Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyib.
Onun sözlərinə görə, Kür Azərbaycanın mərkəzindən keçməklə ölkənin qərbindən şərqinə doğru axdığı üçün səyahət baxımından bu çaydan istifadə etmək çox maraqlı olar. Bu çayla səyahət zamanı insanlar fərqli təbiət, o cümlədən çox yaxşı tuqay meşələri görə bilərlər.
İsmayılov deyib ki, çay turizminin inkişafı üçün ilk növbədə Kürün məcrasında lazımı texniki işlər aparılmalı, çayın müəyyən hissələri dərinləşdirilməlidir. Çayın bəzi yerlərində dərinlik dayazlaşdığı üçün sərnişin daşıyan gəmilərin çay boyunca hansı istiqamət üzrə getməli olduğunu göstərən xüsusi işarələr qoyulmalıdır. Bu işlərin görülməsi böyük məbləğdə maliyyə vəsaiti tələb edir. Amma bu işlər görülsə, Azərbaycanda həm çay turizminin inkişafı üçün imkan yaranar, həm də çaylarda daşqınların qarşısı alınar.
İsmayılovun fikrincə, çay turizminin inkişafı nəticəsində Kürün kənarında yerləşən rayon və şəhərlərin iqtisadiyyatı inkişaf edər, şəhərlər abadlaşar, bələdiyyələrin gəlir mənbələri artar, yeni iş yerləri yaranar.