...

Bakı və Abşeron yarımadasında çirkləndirici qaz qarışıqlarının konsentrasiyası artıb - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 8 İyul 2011 19:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan sinoptik şəraitə dair məlumat açıqlayıb.
Bakı və Abşeron yarımadasında çirkləndirici qaz qarışıqlarının konsentrasiyası artıb - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan sinoptik şəraitə dair məlumat açıqlayıb.

Departamentdən Trend-ə verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən, iyulun 8-də saat 12:10 radələrində zəif duman qeydə alınıb, görünüş 4 kilometrədək zəifləyib.

Abşeron yarımadasında hava şəraiti az qradientli barik sahənin təsiri altında formalaşıb. Bu da havada olan oksigen sıxlığının azalmasına, çirkləndirici qaz qarışıqlarının konsentrasiyasının artmasına əlverişli şərait yaradıb.

"EUMETSAT Dawbee" peyk sisteminin məlumatına əsasən, Bakı və Abşeron ərazisində, Xəzər dənizi üzərində müxtəlif kanallar üzrə şərait səciyyələndirilib. "Dust RGB" kanalında Abşeron yarımadasının quru sahəsi üzərində toz qatı müşahidə olunmayıb, lakin Xəzər dənizi üzərində zəif dumanın tərkibində görünən az miqdarda tozun olması təsdiqlənib. Hazırda cənubdan və ya şərqdən ölkə üzərinə toz axınlarının hərəkəti qeydə alınmayıb. Digər peyk kanalları üzrə alınan məlumatlara görə, Abşeron üzərində atmosferin aşağı qatlarında (zəif) nazik bulud qatı qeydə alınıb.

Atmosfer havasının çirklənməsi üzrə monitorinqin nəticələri isə göstərib ki, əlverişsiz meteoroloji şəraitlə bağlı iyulun 8-i səhər saatlarında zərərli qaz qarışıqlarının konsentrasiyasının əvvəlki günlərə nisbətən, toz istisna olmaqla, artımı müşahidə olunub. Belə ki, azot 4-oksid sutka ərzində sanitar normadan 2,7, furfurol 4,2, dəm qazı 1,6, hidrogen sulfid 1,1 dəfə çox olub. Toz isə əksinə olaraq yer səthi üzərində iyulun 7-dən fərqli olaraq 7 dəfə azalıb. Sutka ərzində ümumi şəhər üzrə orta çirklənmə səviyyəsi proqnozlaşdırılıb.

Məlumatda bildirilir ki, iyulun 9-dan 11-dək hava şəraitində gözlənilən güclü şimal-qərb küləyinin yenidən üstünlük təşkil etməsi çirklənmə səviyyəsinin azalmasına və zəif dumanın səpələnməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti