...

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycandakı iş adamlarına "3-4 ulduzlu" hotellər yaratmağı tövsiyə edir

Cəmiyyət Materials 11 İyul 2011 14:23 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədəki iş adamlarına "üç-dörd ulduzlu" hotellər yaratmağı tövsiyə edir.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycandakı iş adamlarına "3-4 ulduzlu" hotellər yaratmağı tövsiyə edir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədəki iş adamlarına "üç-dörd ulduzlu" hotellər yaratmağı tövsiyə edir. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, artıq "üç-dörd ulduzlu" hotellərə üstünlük verilməlidir.

"Biz Azərbaycanın iş adamlarına tövsiyə edirik ki, artıq hansısa turizm infrastrukturu yaradılanda "üç-dörd ulduzlu" mehmanxanalara üstünlük versinlər. Ona görə ki, orta səviyyəli turistlər "beş ulduzlu" hotellərdə qala bilmirlər. Onlar üçün "beş ulduzlu", brend mehmanxanaların qiymətləri yüksəkdir", - İsmiyev deyib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirib ki, respublikadakı hotellərin 110-u Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun payına düşür.

Ağakərimov hesab edir ki, yalnız adıçəkilən ərazilərdə 200-dək "iki-üç ulduzlu" hotelə ehtiyac var.

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Həmin obyektlərin 312-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında, 187-si isə qanunsuz fəaliyyət göstərir. Ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb.

Hazırda respublikadakı hotellərin 15-i "beş ulduzlu"dur. Onların 13-ü Bakıdadır. Respublikada 37 "dörd ulduzlu" hotel fəaliyyət göstərir ki, onun 21-i Bakıda, qalanları regionlardadır. "Üç ulduzlu" 21 hoteldən 13-ü Bakıdadır.

Ölkə üzrə ümumilikdə "iki ulduzlu" 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır.

Xəbər lenti

Xəbər lenti