...

Azərbaycanda əmlak müsadirəsi institutunun yenidən işlənməsi mümkündür - Fərhad Abdullayev

Cəmiyyət Materials 14 İyul 2011 14:27 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend-ə bildirib ki, əmlak müsadirəsi cinayət hüququnda çox geniş bir anlayışdır və bu məsələyə dar çərçivədən baxmaq olmaz.
Azərbaycanda əmlak müsadirəsi institutunun yenidən işlənməsi mümkündür - Fərhad Abdullayev

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əmlak müsadirəsi institutunun yenidən işlənməsi mümkündür.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend-ə bildirib ki, əmlak müsadirəsi cinayət hüququnda çox geniş bir anlayışdır və bu məsələyə dar çərçivədən baxmaq olmaz.

Onun sözlərinə görə, sovetlər dövründə bu cəzanın tətbiqi nəticəsində cinayətlə əlaqəsi olmayan digər şəxslərin, cinayəti törətmiş şəxsin ailə üzvlərinin mülkiyyət hüquqları kobud şəkildə pozulurdu.

"O zaman əmlak müsadirəsi ailə üzvlərini də əmlaksız qoyurdu. Hər hansı ailə üzvünün cinayəti nəticəsində bütün ailəyə məxsus əmlak müsadirə olunurdu", - Abdullayev deyib.

Məhkəmə sədrinin sözlərinə görə, 1990-2000-ci illərdə əmlak müsadirəsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilib, Konstitusiya Məhkəməsinin bu cəza növü ilə bağlı mövqeyi olub", - o deyib.

Abdullayev bildirib ki, cinayət qanunvericiliyində əmlak müsadirəsi ilə bağlı yeni dəyişikliklər hazırlanacaq və dəyişikliklərdə bu cəza növünə yeni yanaşma tətbiq olunacaq.

"Məntiq ondan ibarət olmalıdır ki, əmlak müsadirəsi cinayətin aləti, cinayət yolu ilə əldə edilmiş əmlak və pul vəsaitinə yönəlməlidir. Bu məsələ ilə əlaqədar yeni yanaşmalar hazırlanır", - məhkəmə sədri vurğulayıb.

Abdullayev hesab edir ki, qanunvericilikdə əmlak müsadirəsi cəzası ilə bağlı belə yanaşma təsdiqini taparsa, vətəndaşların mülkiyyət hüquqları daha etibarlı qorunmuş olar.

Azərbaycanda əmlak müsadirəsinin cəza növü qismində cəza sistemindən çıxarılması təklif olunur.

Xəbər lenti

Xəbər lenti