...

Mətbuat Şurası "Azadlıq" və "Müsavat" qəzetlərini etik qaydalara riayət etməyə çağırır

Cəmiyyət Materials 29 İyul 2011 18:12 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin rəhbərliyinə müraciət edib. Bu barədə cümə günü Trend-ə Mətbuat Şurasından məlumat verilib.
Mətbuat Şurası "Azadlıq" və "Müsavat" qəzetlərini etik qaydalara riayət etməyə çağırır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin rəhbərliyinə müraciət edib. Bu barədə cümə günü Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə qeyd edilir ki, son vaxtlar həmin mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunur.

"Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən, məsələ narahatlıq və narazılıq doğurur", - MŞ sədrinin müraciətində vurğulanıb.

MŞ sədri müraciətdə bildirilib ki, tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil.

"Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərlərdən çox, cəmiyyət itirir", - Amaşov müraciətində qeyd edib.

Şura sədri müraciətində, həmçinin sözügedən KİV-lərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyyə edib.

Xəbər lenti

Xəbər lenti