Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycanda 55 nəfər ali məktəblərə müsabiqədən kənar qəbul olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb.
"Bu yerlərin 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb", - TQDK sədri əlavə edib.
Onun sözlərinə görə, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96 faiz dolan Qafqaz Universiteti və plan yerləri 94 faiz dolan Xəzər Universitetidir.
Abbaszadə deyib ki, özəl ali məktəblər arasında ən aşağı nəticəni Asiya və Odlar Yurdu universitetləri göstərib.
"Hər iki ali məktəbin plan yerləri 46 faiz dolub", - o qeyd edib.