...

Tibb Universiteti: "Xarici ölkələrdə diplomlarını tanıtmaq istəyən məzunlarımızın dil çətinliyi olur"

Cəmiyyət Materials 23 Avqust 2011 15:00 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin (ATU) məzunları xarici ölkələrdə diplomlarını tanıtmaq üçün həmin ölkələrdə imtahan verib biliyini təsdiq etdirməlidirlər.
Tibb Universiteti: "Xarici ölkələrdə diplomlarını tanıtmaq istəyən məzunlarımızın dil çətinliyi olur"

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Tibb Universitetinin (ATU) məzunları xarici ölkələrdə diplomlarını tanıtmaq üçün həmin ölkələrdə imtahan verib biliyini təsdiq etdirməlidirlər.

ATU-nun tədris hissə müdiri Nəsimi Qasımov Trend-ə bildirib ki, dünyada mövcud olan qaydalara görə, xarici ölkələrdə tibb universitetlərinin diplomları yalnız sınaq imtahanı verildikdən sonra tanınır. Bu qayda bütün ölkələrdə tətbiq edilir.

"Hətta ABŞ-ın bir ştatının diplomu o biri ştatda imtahan verildikdən sonra tanınır. Bu, Ümumdünya Tibb Təhsili Konfederasiyasının dünyada həkimlik ixtisası üzrə diplomun tanınması ilə bağlı qəbul etdiyi qaydadır. Yəni diplomlar tanınır, sadəcə, imtahan verib biliyini təsdiq etdirməlisən. Azərbaycanlı məzunlar da başqa ölkələrdə diplomlarını bu qayda ilə, yəni imtahan verməklə tanıdırlar", - Qasımov deyib.

Universitet rəsmisi qeyd edib ki, diplomlarını tanıtmaq istəyən məzunlarımızın dil baxımından çətinliyi olur.

"Onlar gərək əvvəlcədən getdikləri ölkənin rəsmi dili üzrə imtahan versinlər. Dünyanın hər yerində iki cür - işləmək üçün və akademik - dil imtahanı var", - ATU səlahiyyətlisi bildirib.

Qasımovun sözlərinə görə, ötən il Türkiyədə diplomunu tanıtmaq üçün imtahan verən 300-dən çox əcnəbinin yalnız 70-i uğur qazana bilib. Onlardan 4-ü azərbaycanlı olub.

Xəbər lenti

Xəbər lenti