...

ASAİF-in Bakı forumlarına xaricdə oxuyan tələbələrin marağı artır - Britaniyadakı nümayəndəliyin rəhbəri

Cəmiyyət Materials 25 Avqust 2011 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) avqustun 26-27-də Bakıda IX forumunu təşkil edəcək. Forumun əhəmiyyəti və tədbirdə müzakirə olunacaq məsələlərlə bağlı ASAİF-in Böyük Britaniya nümayəndəliyinin rəhbəri, York Universitetinin tələbəsi Ramin Həkimov Trend-ə müsahibə verib.

- ASAİF-in təşkil etdiyi Forum xaricdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətinin koordinasiya edilməsinə necə töhfə verəcək?

- Forumun keçirilməsinin əsas məqsədi xaricdə təhsil alan tələbələrimizdən ibarət şəbəkənin qurulması prosesini gücləndirmək, tələbələr arasındakı əlaqələri möhkəmləndirmək və ayrıca ölkələr və şəhərlərdə deyil, artıq qlobal şəkildə Azərbaycanı xaricdə layiqincə təmsil etməklə ölkə reallıqlarını dünyaya çatdırmaqdır. Bu işləri təhsil aldığımız ali təhsil müəssisəsində təşkil olunan ictimai leksiyalarla, müxtəlif ölkələrdə keçirilən "Xocalıya Ədalət", "Qarabağa azadlıq" aksiyaları ilə həyata keçiririk. Ötən forumlardan əldə olunan nəticə ondan ibarətdir ki, artıq şəbəkəmiz genişləndikcə, fəaliyyət dairəmiz də genişlənir və biz Azərbaycanı artıq lazımı kimi təmsil edə bilirik. Misal üçün bu il Almaniyada keçirilmiş "Eurovision" mahnı müsabiqəsində digər Avropa ölkələrindən olan dostlarımızla birlikdə səsvermədə aktiv iştirakımız, həmin müsabiqədə qalib gəlməyimiz və bunun nəticəsində növbəti il Azərbaycanın "Eurovision" paytaxtı elan olunması bu cür fəaliyyətlərin nəticəsidir.

- Azərbaycanın Avropa ölkələrindəki diaspor fəaliyyətinə həmin ölkədə təhsil alan tələbələrimiz necə köməklik göstərirlər?

- Diaspor və lobbiçilik hər bir tələbə üçün əsas fəaliyyət növlərindəndir. Hər bir azərbaycanlı da təhsil aldığı ölkədə öz ölkəsini təmsil etməlidir. Təhsil aldığım York Universitetində 2009-cu ilin yanvar ayından York-Azərbaycan cəmiyyəti təsis edilib və York şəhərində Azərbaycan Günləri keçirir. Azərbaycan Günləri tələbələr tərəfindən yalnız York şəhərində deyil, bütün Britaniyada, eləcə də bütün Avropa ölkələrində mütəmadi şəkildə təşkil olunur. Bu tədbirlərdə Azərbaycan milli mətbəxindən nümunələr təqdim olunur, oyunlarımız nümayiş etdirilir, Azərbaycanla bağlı məlumatlandırıcı materiallar paylanılır, müxtəlif sərgilər keçirilir, milli bayramlarımız qeyd olunur. Bunların içərisində hər il Londonda keçirilən aksiya xüsusi olaraq seçilir ki, həmin aksiya zamanı kütləvi yürüşlər təşkil olunur, müxtəlif şüarlar səsləndirilir. Avropa universitetlərində təhsil alan azərbaycanlı tələbələr müxtəlif təşkilatlarda məsul vəzifələri var. Bundan başqa gələcəkdə ənənəvi olaraq Azərbaycan Günlərinin keçirilməsi daha müasir formada təşkil olunacaq.

- ASAİF-in bu il Bakıda keçirəcəyi Foruma nə qədər xaricdə oxuyan tələbə qatılacaq? Hansı məsələlər müzakirə mövzusu olacaq?

- ASAİF-in avqustun 26-27-də keçiriləcək Forumunda 35 ölkədən 400-ə yaxın tələbə iştirak edəcək. Ötən il forumda 200-250 tələbə iştirak edirdi və bu il iştirakçı sayının iki dəfəyədək artması artıq tələbələrin bu təşkilata və Foruma olan marağının göstəricisidir. Forumda "Qarabağı tanı və tanıt", "Eurovision-2012 paytaxtını kəşf et", "Azərbaycan sosial mediada", "Azərbaycanın akademik təbliğatı" adlı panellər təşkil olunacaq. Panellərdə diaspora və lobbiçiliyin yeni təmsiletmə yolları, Azərbaycanı "Eurovision" müsabiqəsindən qabaq daha yaxşı necə təmsil etmək olar, avropalılara necə Azərbaycan haqqında daha geniş məlumat vermək olar, sosial şəbəkələrdə Azərbaycanın təmsilçiliyi, Azərbaycan barədə məlumatları yerli və beynəlxalq KİV-də necə yayımlamaq kimi məsələlər müzakirə obyekti olacaq.

Forumun təntənəli açılışı avqustun 26-da Səbail rayonunda yerləşən "Kempinski Hotel Badamdar" kompleksində baş tutacaq. Açılış mərasiminə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər naziri Elmar Məmmədyarov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qatılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti