Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi bu gün orta məktəblərdə çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət müəllimi işləmək məqsədilə ərizə vermiş namizədlər üçün imtahanlar keçirir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, çağırışaqədərki hazırlıq müəllimi işləmək üçün 51 vakant yerə 68 nəfər ərizə verib. Vakant yerlərin 23-ü Bakı, 28-i digər şəhər və rayonların payına düşür.
Əmək hazırlığı müəllimi işləmək üçün 29 vakant yerə 137 nəfər ərizə verib. Vakant yerlərin 19-u Bakı, 10-u digər şəhər və rayonların məktəblərindədir.
Musiqi və nəğmə müəllimi işləmək üçün 22 vakant yerə 47 nəfər ərizə verib. Vakant yerlərin 12-si Bakı, 10-u digər şəhər və rayonların payına düşür.
Təsviri incəsənət müəllimi işləmək üçün 13 vakant yerə 43 nəfər ərizə verib. Vakant yerlərin 10-u Bakı, 3-ü digər şəhər və rayonların məktəblərindədir.
İmtahanların keçirilmə yeri və tarixi barədə hər bir namizədin "Şəxsi kabinet"inə məlumatlar göndərilib.
İmtahanlar nazirliyin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.
İmtahan 1 saat davam edəcək. Hər dəfə idarədə eyni vaxtda 60 nəfər imtahan verə biləcək. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.
İmtahandan keçmiş namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.
Respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.