...

Azərbaycanda uşaqların tərbiyəsinin yaxşılaşdırılmasının yolları

Cəmiyyət Materials 2 Sentyabr 2011 14:01 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədə məktəblilərin tərbiyəsinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini verib.
Azərbaycanda uşaqların tərbiyəsinin yaxşılaşdırılmasının yolları

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədə məktəblilərin tərbiyəsinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini verib.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov cümə günü Trend-ə bildirib ki, uşağın tərbiyəsinin yaxşı olmasına üç əsas amil təsir göstərir. Onlardan birincisi, valideynin şəxsi nümunəsidir. Tərbiyəyə təsir göstərən ikinci amil müəllimin şəxsi nümunəsi, üçüncüsü isə cəmiyyətdə davranış kodeksidir.

Böyük Britaniyanın təhsil naziri Maykl Qouv bəyan edib ki, bu yaxınlarda Londonda baş vermiş qarışıqlıqlarla əlaqədar məktəbdə tərbiyə metodlarına, xüsusilə bədən cəzası ilə bağlı üsullara yenidən baxılmalıdır.

İbrahimov qeyd edib ki, BMT-nin Uşaq Haqları Konvensiyasına uyğun olaraq, Azərbaycanda qəbul olunmuş "Uşaq hüquqları haqqında" qanuna görə, ölkəmizdə uşağa fiziki cəza vermək qadağandır və bu, cinayət sayılır.

Onun fikrincə, hazırda cəmiyyətdə davranış kodeksi ilə bağlı problemlər var.

"İnsanlar istədikləri yerə zibil atır, bəzi şəxslər yolda söyüş söyürlər, qadınlar artıq damaqlarında siqaretlə gəzirlər, bahalı maşınlarda istənilən formada qaydalar pozulur, istənilən addımda siqnal verilir - bütün bunlar cəmiyyətdə davranış kodeksinin pozulması ilə bağlıdır. Ümumilikdə, mənəviyyat pisləşir. Bunun qarşısı alınmalı və bu məsələyə diqqət yetirilməlidir", - nazirlik rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda telekanallarda siqaretin reklamına qadağa qoyulub. İctimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul olunması da çox yaxşı hal olardı.

Xəbər lenti

Xəbər lenti