...

Bu il Azərbaycanda 47 yeni orta məktəb binası istifadəyə veriləcək

Cəmiyyət Materials 6 Sentyabr 2011 14:56 (UTC +04:00)
2011-2012-ci tədris ilində 47 yeni orta məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Bu il Azərbaycanda 47 yeni orta məktəb binası istifadəyə veriləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ilində 47 yeni orta məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12 957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.

Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin sayı 73-dən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlərin sayı isə 34,5 faizdən 21 faizədək azalıb.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır.

Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.

2004-cü ildən bəri Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni peşə məktəbi üçün bina tikilib.

Xəbər lenti

Xəbər lenti