Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sentyabrın 14-də Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, iclasda Azərbaycanı baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Baş prokurorlar MDB ərazisində öz ölkələrindən kənarda yaşayan vətəndaşların hüquqlarının qorunmasını müzakirə edəcəklər.
Həmçinin, iclasda cinayətkarlıqla mübarizədə birgə tədbirlərlə bağlı Dövlətlərarası Proqramın icrasının nəticələri, terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə əməkdaşlıq, narkotik və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri ilə mübarizə üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
İclasda Şuranın yeni sədrinin seçilməsi gözlənilir.
Əlaqələndirmə Şurası 1995-ci ildə yaradılıb. Şurada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ukrayna təmsil olunur. Şuranın iclası ildə bir dəfə keçirilir.