...

Zaman keçdikcə Qafqaz İslam Ordusunun Azərbaycan üçün önəmini daha çox dərk edəcəyik - millət vəkili

Cəmiyyət Materials 15 Sentyabr 2011 16:56 (UTC +04:00)
Zaman keçdikcə Qafqaz İslam Ordusunun Azərbaycan üçün önəmini daha çox dərk edəcəyik.
Zaman keçdikcə Qafqaz İslam Ordusunun Azərbaycan üçün önəmini daha çox dərk edəcəyik - millət vəkili

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Zaman keçdikcə Qafqaz İslam Ordusunun Azərbaycan üçün önəmini daha çox dərk edəcəyik. Trend-in məlmatına görə, bu barədə millət vəkili Nizami Cəfərov Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 93-cü ildönümünə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı deyib.

"Uzun illər Qafqaz İslam Ordusunun xidmətlərini gözdən salmağa cəhd olunsa da, sonda ədalət öz yerini tapdı. Qafqaz İslam Ordusu Azərbaycanın müstəqilliyinin əsasını qoyan bir ordudur. Qafqaz İslam Ordusu bu gün də fəaliyyət göstərir. Bu ordu bir vaxtlar hərbi missiyasını həyata keçirirdisə, bu gün öz mənəvi missiyasını həyata keçirir", - Cəfərov əlavə edib.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Kaya Bakkalbaşı öz çıxışında bildirib ki, Qafqaz İslam Ordusunun Azərbaycanın dar günündə onun köməyinə gəlməsi Azərbaycan-Türkiyə qardaşlığının nümunəsidir.

O, Azərbaycanın müxtəlif yerlərində türk şəhidlərin xatirəsinə abidələr ucaldığını xatırladıb.

"Ənvər paşanın təyinatı ilə bu ordu formalaşıb və Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana daxil olub. Qafqaz İslam Ordusu erməni quldur dəstələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını alıb", - o vurğulayıb.

Türkiyə səfirliyinin hərbi attaşesi Yücel Karauz öz növbəsində Qafqaz İslam Ordusunun fəaliyyəti barədə ildən-ilə daha çox elmi araşdırmaların aparıldığını deyib. O bildirib ki, 1918-ci ildə Qafqaz İslam Ordusu kiçik qüvvə ilə Qafqaza daxil olmuşdu. Burada azərbaycanlıların bu ordunun sıralarına qoşulması, ona dəstək verməsi nəticəsində ordu daha da güclənmişdi.

"Kiçik bir zamanda bu cür güclü ordunun formalaşması asan məsələ deyil. Bu ordunu güclü edən həmin orduya qoşulan azərbaycanlılarda azadlıq ruhunun güclü olması idi", - o deyib və əlavə edib ki, Qafqaz İslam Ordusu olmasaydı, bu gün Azadlıq meydanı olmayacaqdı, Azərbaycanın bu gözəl üçrəngli bayrağı olmayacaqdı.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Sami Acarözmən Türkiyə əhalisinin bu möhtəşəm hadisədən xəbərsiz olduğunu deyib və əlavə edib ki, bu hadisənin yaddaşlarda qalması Azərbaycan xalqının qədirbilənliyinin nəticəsidir.

"Müstəqil Azərbaycan Dövlətinin yaranması türk dünyasının ən böyük tarixi nailiyyətidir", - o vurğulayıb.

Daha sonra çıxış edənlər Qafqaz İslam Ordusunun Azərbaycan tarixində oynadığı rolu barədə elmi əsaslandırılmış fikirlər səsləndiriblər. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsinin Azərbaycan və türk xalqının qardaşlığının bariz nümunəsi olduğunu qeyd ediblər.

1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Xəbər lenti

Xəbər lenti