Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda neftçilərin orta aylıq pensiyasının məbləği hazırda 340 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır.
Trend-in Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Belə ki, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir.
"Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 75,4 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib", - Fondun məlumatında deyilir.
2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 20 sentyabr Neftçilər Günü elan edilib. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə edilib. Neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.