...

Azərbaycanda orta məktəblərin bufetlərində yoxlamalar aparılacaq

Cəmiyyət Materials 21 Sentyabr 2011 11:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti uşaqların sağlam qida ilə qidalanmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində ictimai iaşə xidməti göstərən obyektlərdə monitorinqlər keçirəcək.
Azərbaycanda orta məktəblərin bufetlərində yoxlamalar aparılacaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti uşaqların sağlam qida ilə qidalanmasını təmin etmək məqsədilə
ümumtəhsil məktəblərində ictimai iaşə xidməti göstərən obyektlərdə monitorinqlər keçirəcək. Bu barədə Trend-ə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı həmin iaşə obyektlərində satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi öyrəniləcək. Yaxın vaxtlarda başlanılacaq nəzarət tədbirləri Bakının və regionların ümumtəhsil məktəblərini əhatə edəcək. Monitorinqlər ilk olaraq, Bakıdakı məktəblərdə keçiriləcək.

Monitorinqlərin nəticələrindən asılı olaraq, nöqsanlar aşkarlanmış müəssisələrə qarşı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur.

Əliyevin sözlərinə görə, ötən tədris ilində də ümumtəhsil məktəblərindəki ictimai iaşə obyektlərində monitorinqlər aparılıb.

"Ötən tədris ilində aparılan monitorinqlər zamanı ciddi olmasa da, müəyyən nöqsanlar aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq, hər bir məhsul üzərində müəyyən məlumatlar göstərilməlidir. Məhsul üzərində onun istehsal tarixi, yararlıq müddəti, tərkibi və digər göstəricilərin qeyd olunması zəruridir. Monitorinqlərdə bizim də rast gəldiyimiz hallar daha çox yaralılıq müddətinin ötməsi, istehsal tarixinin və istehsal müəssisəsinin adının göstərilməməsi və s. ilə bağlıdır", - nazirlik rəsmisi bildirib.

Azərbaycanın ümumtəhsil müəssisələrində ictimai iaşə xidmətlərini müxtəlif özəl müəssisələr göstərirlər. Məktəblərin iaşə xidməti göstərən obyektlərin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti