...

İranda hər gün narkotikdən 10 nəfər ölür

Cəmiyyət Materials 23 Sentyabr 2011 15:03 (UTC +04:00)
İranda sutkada narkotikdən 10 nəfər ölür. Bunu İran parlamentinin Sosial məsələlər üzrə komissiyanın sədr müşaviri Məcid Əbhəri deyib.
İranda hər gün narkotikdən 10 nəfər ölür

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda sutkada narkotikdən 10 nəfər ölür. Bunu İran parlamentinin Sosial məsələlər üzrə komissiyanın sədr müşaviri Məcid Əbhəri deyib. Bu barədə Trend İranın "Payam" radiosuna istinadən məlumat verir.

Əbhəri deyib ki, ölkənin Tibbi Ekspertiza Təşkilatının rəsmi statistikasına əsasən, ötən il (İranda il martın 21-də dəyişir) ölkədə 3 650 nəfər narkotik istifadəçisi ölüb.

O, narkotikdən ölüm hallarının artmasına səbəb kimi, narkotik istifadəsinin ənənəvi üsulundan sənaye üsuluna keçməsini göstərib və deyib ki, sənaye üsulu ilə istifadə olunan narkotik maddələrdə insan orqanizminə ziyanlı və təhlükəli maddələr əlavə olunur ki, bu da narkomanların ölümünə səbəb olur.

İranın "Fars" xəbər agentliyinin məlumatına görə, rəsmi statistikaya əsasən, İranda 1 milyon 700 min nəfər narkotik maddə istifadəçisi mövcuddur. Həmin istifadəçilərin 33 faizi tiryək istifadəçisidir. Bundan başqa, İranda məhbusların 50 faizi narkotik cinayətlərinə görə həbs edilib. İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 150 minə yaxın məhbus saxlanılır.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və uzunıuğu 1000 kilometrdən çox bənd, kanal və divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

Xəbər lenti

Xəbər lenti