...

Azərbaycan diasporunun Almaniya cəmiyyətinə inteqrasiya məsələləri müzakirə olunub

Cəmiyyət Materials 7 Oktyabr 2011 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) "Diaspor və ya icma inteqrasiya prosesində: Almaniyada icma tarixinə dair" məruzə axşamı keçirilib. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova qonaqları salamlayıb və xaricdə yaşayan hər bir əcnəbi vətəndaşın yaşadığı ölkənin sosial və ictimai həyatına inteqrasiyasının vacibliyini vurğulyıb. O bildirib ki, vətəndən kənarda yaşamaq üçün sonradan seçdiyimiz hər bir xarici ölkədə inteqrasiya həyatımızın bütün mərhələlərində bizi izləyir və dinamik bir xarakter daşıyır. Tənzimlənmiş, yaxşı düşünülmüş və yerində edilən inteqrasiya hər bir cəmiyyətin inkişafı üçün labüddür.

İnteqrasiya üzrə təcrübəli sosial məsləhətçi Kenan Kolat öz növbəsində rəhbərlik etdiyi Almaniya Türk Toplumu və həmin cəmiyyətin inteqrasiya mövzusu ilə bağlı gördüyü işlər haqqında məlumat verib, bunun misalında uğurlu lobbiçiliyə yiyələnmək üçün vacib şərtləri sadalayıb. O bildirib ki, miqrasiya məqsədilə yaşayış yerini dəyişmiş insanların inteqrasiya prosesi əsasən bir-birinə yaxınlaşma, qarşılıqlı müzakirə, kommunikasiya, oxşarlıqların aşkara çıxarılması, müxtəlifliyin müəyyənləşdirilməsi, eləcə də mühacirlərin və əksəriyyət təşkil edən əhalinin öz üzərinə birgə məsuliyyət götürməsindən ibarətdir.

Onun sözlərinə görə, Almaniyada yaşayan azərbaycanlılar inteqrasiya mövzusu ilə yenicə tanış olurlar və bu sahəni hələ öyrənməlidirlər. Kolat Berlində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin Berlin torpağının Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilmələrinə dair məsləhətlər verib.

Görüşün sonunda Kenan Kolat sualları cavablandırıb, inteqrasiya mövzusuna dair müzakirələrdə öz fikrini söyləyib və məsləhətlər verib.

Xəbər lenti

Xəbər lenti