...

Azərbaycan hökumətinə tədqiqat nüvə reaktorunun tikintisinin əsaslandırılması layihəsi təqdim ediləcək

Cəmiyyət Materials 10 Oktyabr 2011 16:51 (UTC +04:00)
Radiasiya Problemləri İnstitutu gələn ilin birinci yarısında Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə "Azərbaycanda tədqiqat nüvə reaktorunun iqtisadi əsaslandırılması" layihəsini hökumətə təqdim edəcək.
Azərbaycan hökumətinə tədqiqat nüvə reaktorunun tikintisinin əsaslandırılması layihəsi təqdim ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir İ.İsabalayeva /

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu gələn ilin birinci yarısında Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə "Azərbaycanda tədqiqat nüvə reaktorunun iqtisadi əsaslandırılması" layihəsini hökumətə təqdim edəcək. Bunu bazar ertəsi Trend-ə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

O bildirib ki, hökumətə təqdim edəcəkləri layihədə yalnız reaktorun tikilməsinin vacibliyi əsaslandırılacaq.

"Layihədə, ilk növbədə, "reaktor lazımdırmı" sualına cavab veriləcək. Biz dövlət orqanlarını bu layihənin səmərəliliyinə inandıra bilsək, onda reaktorun inşası ilə bağlı sərəncam və ya qərar ola bilər. Amma indi tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı konkret qərar yoxdur", - Qəribov deyib.

O əlavə edib ki, reaktorun tikintisi üçün Bakıətrafı ərazidə torpaq sahəsi ayrılıb. Amma həmin ərazidə reaktorun tikilib-tikilməyəcəyi dövlətin qərarından asılı olacaq.

Qəribovun sözlərinə görə, reaktorun tikilməsi üçün ayrılmış yer dünya təcrübəsinə uyğun seçilib. Həmin yer heç bir yaşayış ərazisi ilə təmasda deyil. Bu yer geoloji nöqteyi-nəzərdən tədqiq olunub və reaktorun tikilməsi üçün yararlı hesab edilib.

"Hökumət reaktorun tikintisi ilə bağlı qərar verdikdən sonra bu məsələ yenidən tədqiq olunacaq. Çünki istənilən halda reaktor təhlükəli obyekt ola bilər",- İnstitut direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti