Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı saxlanılan yoxdur.
Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 202 saylı sərnişin avtobusunun sürücüsü saxlanılmayıb.
İdarədən bildirilib ki, hadisənin baş verməsində avtobus sürücüsünün təqsiri olmadığı üçün onun barəsində hər hansı qətimkan tədbiri seçilməyib.
Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Oktyabrın 17-də səhər saat 7:30-da Nəsimi rayonu ərazisində, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində VAZ 2107 markalı avtomobillə 202 saylı sərnişin avtobusu toqquşub.
Hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü Ramin Vəliyev (1978-ci il təvəllüdlü), sərnişinlər Aysel Məmmədova, Türkiyə vətəndaşları - Bürhan Bərat Çəlik Abdulla (1987) və Əlihan Sarıtürk Şərəf oğlu (1990) həlak olublar.
Qəzada iki nəfər xəsarət alıb. Onlardan biri Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi, Türkiyə vətəndaşı Ərdam Əlidolu Şehpur (1984) olub.
Araşdırma zamanı məlum olub ki, hadisəyə VAZ2107 markalı avtomobilin işıqforun qırmızı işığında keçməsi səbəb olub.