...

Azad Rəhimov: Azərbaycanda gənclər bu gün cəmiyyətin inkişafına öz töhfələrini verirlər

Cəmiyyət Materials 25 Oktyabr 2011 12:53 (UTC +04:00)
Gənclərin VI Forumu Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə eyni vaxta düşür.
Azad Rəhimov: Azərbaycanda gənclər bu gün cəmiyyətin inkişafına öz töhfələrini verirlər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Gənclərin VI Forumu Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə eyni vaxta düşür. Trend-in məlumatına görə, bunu Azərbaycan Gənclərinin VI Forumunda çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bu dövrdə əldə olunmuş nailiyyətlər sırasında gənclərlə iş və idman sahələrində dövlət siyasətini əlaqələndirən mərkəzi idarəetmə orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılmasını, müvafiq qanunvericilik bazasının formalaşdırılmasını, ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsini, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunmasını və "Gənclər ili"nin elan edilməsini xüsusi qeyd etmək istərdim", - Rəhimov bildirib.

Onun sözlərinə görə, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

"Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir", - nazir qeyd edib.

Rəhimov Azərbaycanda gənclər təşkilatlarının yaradılması, hərbi vətənpərvərlik oyunlarının keçirilməsini də uğurlu addımlar kimi qiymətləndirib. O deyib ki, gənclər və idman nazirliyinin təşəbbüsü ilə keçirilən hərbi-vətənpərvərlik oyunlarına 120 minə yaxın şagird qatılıb.

"Dövlət gənclər siyasətinin istiqamətlərindən biri olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, xüsusilə də onlar arasında cinayətkarlığın, narkomanlığın, QİÇS-in və digər neqativ halların profilaktikası sahəsində işin aparılması daim diqqət mərkəzində olub", - nazir əlavə edib.

Onun sözlərinə görə, V Forumdan ötən dövrdə gənclər təşkilatlarının 294 layihəsi dövlət büdcəsi hesabına dəstəklənib. Bununla yanaşı, Avropa Gənclər Fondu tərəfindən 42 layihə maliyyələşdirilib. 2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə edən ölkə olub. Ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət qeydiyyatına alınıb.

2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib.

"Hesabat dövründə Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-da çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək verilib", - Rəhimov qeyd edib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edirər.

İlk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilmişdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalamışdı. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib. II Forum - 1999-cu il, III Forum - 2003-cü il, IV Forum - 2005-ci il, V Forum - 2008-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti