Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın baş pediatrı Nəsib Quliyev dünyanın 7 milyardıncı sakininin harada doğulması ilə ölkələrin qaldırdığı iddiaları real saymır.
Bu yaxınlarda dünyanın 7 milyardıncı sakininin anadan olduğu elan edilib. 7 milyardıncı sakinin onların ərazilərində doğulması ilə bağlı bir çox ölkələr iddia qaldırıb.
Nəsib Quliyevin sözlərinə görə, dünyada heç kim 1 uşağın digərindən milyonda bir və ya on mində bir saniyə qabaq doğulduğunu deyə bilməz. Bu işlərə çox mücərrəd yanaşıldığını deyən Quliyevin fikrincə, bunlar hamısı formal, həqiqətdən uzaq, ambisiya xarakterli məsələlərdir.
"Bunlar hamısı simvolik xarakterli göstəricilərdir. Yadımdadır ki, dünyada 6 milyardıncı uşaq da 1999-cu ilin oktyabrında dünyaya gəlmişdi. 7 milyardıncı uşaq da bu il oktyabrda doğuldu. Necə oldu ki, bu hadisə elə oktyabrdan oktyabra baş verdi? Bunlar təsadüfi deyil. Hamısı formal xarakterlidir", - Quliyev əlavə edib.
O qeyd edib ki, hazırda ölkələr üçün ən əsas məsələ dünyada əhali artımının baş verməsidir. Konkret olaraq, 7 milyardıncı sakinin nə vaxt, harada doğulduğu və kim olduğu vacib hesab edilməməlidir.
"Müxtəlif ölkələr ambisiya xarakterli elanlar verərək deyirlər ki, 7 milyardıncı uşaq bizdə doğuldu. Axı, bu, elə böyük əhəmiyyətli məsələ deyil", - Quliyev əlavə edib.
Baş pediatr bildirib ki, Azərbaycan da 7 milyardıncı uşağın bu ölkədə doğulması ilə bağlı iddia irəli sürə bilər. Amma o, belə hesab edir ki, əslində Azərbaycanın belə bir iddia ilə çıxış etməməsi çox yaxşı haldır.
"Azərbaycanda ağıllı insanlar var. Onlar deyirlər ki, bu iddia ilə çıxış etməyin mənası yoxdur. Çünki Allahın, təbiətin işini heç kim bilmir. Azərbaycan da bu nöqteyi-nəzərdən bu iddia ilə çıxış etmir. Hesab edirik ki, qeyri-dəqiqi məsələlər ətrafında çəkişmək normal hal deyil", - Quliyev əlavə edib.