...

Nazirlik: Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biriləri ilə qarşılıqlı əlaqələrini tənzimləməlidirlər

Cəmiyyət Materials 3 Noyabr 2011 12:39 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biriləri ilə qarşılıqlı əlaqələrini özləri tənzimləməlidirlər.
Nazirlik: Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biriləri ilə qarşılıqlı əlaqələrini tənzimləməlidirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biriləri ilə qarşılıqlı əlaqələrini özləri tənzimləməlidirlər. Bunu cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Azərbaycanın bir çox turizm şirkətləri hotellərlə olan əlaqələrini çox zəif hesab edirlər. Turizm şirkətləri bu qənaətdədirlər ki, ölkədəki hotellərdə qiymətlər baha olduğu üçün onlar orada turist yerləşdirə bilmirlər.

Hotellər və turizm şirkətləri arasındakı əlaqələrin qurulmasına nazirliyin müdaxilə edə bilmədiyini deyən Qəhrəmanov bildirib ki, əlaqələrin qurulmasında hər iki tərəfin marağı olmalıdır. Çünki həm hotel, həm də turizm şirkəti qarşılıqlı əməkdaşlıqdan gəlir əldə edir. Buna görə də tərəflər bu məsələləri özləri tənzimləməlidirlər.

Nazirlik rəsmisinin fikrincə, bazarda bütün bu münasibətləri tənzimləmək üçün müvafiq treninqlərin keçirilməsi də yaxşı olardı.

Onun sözlərinə görə, hazırda nazirliyin həm hotel, həm də turizm şirkətlərindən tələb etdiyi əsas məsələ turistlərə göstərilən xidmətlərin səviyyəsinin yüksək olması, mövcud qanunvericiliyə riayət edilməsidir.

"Biz turistin ölkəyə cəlb olunmasını, turistə göstərilən xidmətin səviyyəsinin yüksək olmasını, turistlər üçün çeşidli xidmətlərin təklif edilməsini təşviq edirik. Digər tərəfdən, hazırda turizm sahəsində çalışanların peşə hazırlığının səviyyəsinin artırılması ilə bağlı da müvafiq treninqlər keçirilir", - Qəhrəmanov əlavə edib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bundan əvvəl Trend-ə bildirmişdi ki, hotellərlə turizm şirkətləri arasında əlaqəni gücləndirmək üçün tərəflər arasında müqavilə münasibətlərinə yenidən baxmaq lazımdır. O təklif etmişdi ki, hotellər özlərinə daha çox turist axınını təmin etmək məqsədilə turizm şirkətləri üçün korporativ qiymətlərdən də aşağı olan xüsusi qiymətlər tətbiq etməlidirlər.

Bu ilin I yarısına olan məlumatlara görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların 93,3 faizi özəldir.

Xəbər lenti

Xəbər lenti