Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov rus jurnalist Vladimir Solovyovun efirdə söylədiklərini riyakarlıq, təxribat və böhtan adlandırıb.
Noyabrın 1-də Rusiyanın "Vesti FM" radiostansiyasında "Utro s Vladimirom Solovyovım. Polnıy kontakt" proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hiddətinə səbəb olub. Ölkəmizin din ictimaiyyəti də bu məsələyə kəskin reaksiya verməkdədir.
Trend-in məlumatına görə, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov bu məsələ ilə bağlı ölkə yəhudiləri adından xüsusi müraciətlə çıxış edib.
Jurnalistin "Holokost"un Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə müqayisəsinin uğursuz olduğunu deyən İxiilov qeyd edib ki, azərbaycanlılar tərəfindən ermənilərə qarşı heç vaxt soyqırım aktı törədilməyib. Əksinə, azərbaycanlılar indiki Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən soyqırıma məruz qalıblar. Müraciətdə xüsusilə vurğulanıb ki, Azərbaycanda heç bir milli-dini ayrı-seçkilik yoxdur və bütün xalqların nümayəndələri burada mehriban qonşuluq şəraitində yaşayırlar.
"Rusiyalı jurnalistin Azərbaycan dövləti və azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər, isterik replikalar Azərbaycanda yaşayan yəhudilərin hiddətinə səbəb olub. Azərbaycan iqtisadi cəhətdən güclənən, sivil və demokratik dövlətdir. Bu ölkənin istiqanlı, xeyirxah və yüksək tolerantlıq mədəniyyətinə sahib xalqı Azərbaycana sülhlə, xoş niyyətlə gələn hər kəsi duz-çörəklə, hörmətlə qarşılayır", - İxiilov deyib.
İxiilov bildirib ki, Solovyov Azərbaycan dövlətindən və xalqından böhtanlarına və təhqirlərinə görə üzr istəməlidir.