Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi fəaliyyətə başladığı ilk günlərdən fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik xarici ölkələrin müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət yetirir.
Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, 2009-cu ildən kursant qəbuluna başlayan FHN Akademiyasında tədris prosesinin normativ hüquqi aktlara və normativlərə uyğun qurulması, maddi-texniki və metodiki bazanın yaradılması və möhkəmləndirilməsi, fövqəladə hallar sahəsində elmi tədqiqatların aparılması və digər bu kimi mühüm vəzifələrin əməli həllinə nail olunması istiqamətində xeyli iş görülüb. FHN Akademiyası formalaşarkən diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri məhz beynəlxalq təcrübəyə üstünlük verilməsi olub.
Noyabrın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişə, eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında 2009-2011-ci illər üçün Kompleks Əməkdaşlıq Planına uyğun olaraq, Azərbaycan FHN Akademiyasının formalaşdırılmasına dəstək çərçivəsində növbəti yük göndərilib.
Belə ki, Akademiya üçün tədris-metodiki ədəbiyyat, kursantların avtomobil hazırlığı üçün müxtəlif nəqliyyat vasitələrinin trenajorları, müasir yanğın və qəza-xilasetmə trenajor kompleksi, materialşünaslıq sinfi üçün avadanlıq və cihazlar, dağ-səhra şəraitində qəza-xilasetmə hazırlığı üçün auditoriya avadanlıqları, o cümlədən "Poli-Spektr-Radio-4" fizioloji siqnallar radiokanalı ilə qeydiyyat və ötürmə sistemi avadanlığı, VPL-MX20 modelli "SONY" proyektoru və digər avadanlıqlar gətirilib. Yaxın günlərdə həmin avadanlıqlar quraşdırılıb Akademiya kursantlarının istifadəsinə veriləcək.
Həmçinin, Akademiyanın iki əməkdaşı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin müvafiq ali tədris müəssisələrinə ezam olunub, onlar həmin qurğulardan istifadə qaydalarını tam mənimsəyiblər.
Qeyd edək ki, FHN tərəfindən 2010-ci ildə Akademiya üçün göndərilmiş kimya, elektronika və elektrotexnika laboratoriyası və digər avadanlıqlar tədris müəssisəsində quraşdırılıb, həmçinin, 1 ədəd xüsusi avadanlıqlarla komplektləşdirilmiş "Fiat" markalı qəza-xilasetmə avtomobili gündəlik iş prosesində istifadəyə verilib.