Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbini akkreditasiyadan keçirib.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, nazirlik hər iki məktəbə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verib.
Hər iki təhsil müəssisəsinin fəaliyyəti "kafi" qiymətləndirilib. Nazirlik onların müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.
Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.
Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.