Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalist yazıları müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Fonddan bildirilib.
Fondun Müşahidə Şurasının cümə günü keçirilən iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Fondun növbəti fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub.
Müzakirələr nəticəsində nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilib. Müsabiqə 19 noyabr tarixdən 20 dekabr 2011-ci il tarixədək keçiriləcək.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi", "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi", "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği", "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı", "İctimai və dövlət maraqlarının qorunması", "Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi", "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi", "Hüquqi dövlət və vətəndaş cəmiyyəti, quruculuğu", "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqamətində, hər istiqamət üzrə 3 mövzu üzrə keçiriləcək.