...

Yazıçı-publisist Rafiq Tağıya qarşı törədilmiş sui-qəsdin İrana aid edilməsi ilə əlaqədar rəsmi mövqe açıqlanıb

Cəmiyyət Materials 22 Noyabr 2011 17:01 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi Rafiq Tağıya qarşı törədilmiş sui-qəsdin İran İslam Respublikasına aid edilməsini İran-Azərbaycan arasındakı strateji münasibətlərə xələl vurmaq məqsədi ilə atılmış addım olduğunu bildirir
Yazıçı-publisist Rafiq Tağıya qarşı törədilmiş sui-qəsdin İrana aid edilməsi ilə əlaqədar rəsmi mövqe açıqlanıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfirliyi Rafiq Tağıya qarşı törədilmiş sui-qəsdin İran İslam Respublikasına aid edilməsinin İran-Azərbaycan arasındakı strateji münasibətlərə xələl vurmaq məqsədilə atılmış addım olduğunu bildirir.

"Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib etməklə yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik", - çərşənbə axşamı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir.

Noyabrın 19-da saat 22:00 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıçı-publisist Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.

Xəbər lenti

Xəbər lenti