Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı neft emalı zavodunda yanğın-taktiki təlim keçirib.
Trend-in cümə axşamı FHN-in saytına istinadən yaydığı məlumata görə, Bakı neft emalı zavodunun 2 saylı istehsalat sahəsinin 22 nömrəli qurğusunun vakuum bölməsinin K-1 kolonunda şərti qəza nəticəsində 43 metrlik kolonun 37-ci metr səviyyəsində yanğın baş verib. Kolonda olan neft məhsulları xaricə çıxmaqla ətrafa dağılıb və yanıb.
Təlimə 4 nömrəli çağırışla Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı qarnizonunun qüvvə və vasitələri - 16 əsas və 7 xüsusi təyinatlı yanğınsöndürən avtomobil, 115 nəfər şəxsi heyət, zavodun 21 nəfər mühəndis-texniki personalı cəlb edilib.
Təlimdə yeni alınmış yanğınsöndürən avtomobillərin və "PURQA" tipli köpüklə söndürmə qurğularının ekstremal vəziyyətlərdə taktiki-texniki imkanlarından maksimum istifadə qaydaları öyrənilıb, şəxsi heyətin fiziki səviyyəsi nümayiş etdirilib, döyüş, peşə, və psixoloji hazırlığının artırılması istiqamətində müvafiq işlər görülüb. Təlimdə qarşıya qoyulmuş məqsədə tam nail olunub.