Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda alkoqolizmlə bağlı ciddi problem olmadığı üçün yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər satanların cinayət məsuliyyətinə cəlb olunmasını müəyyən edən qanunun qəbuluna ehtiyac yoxdur.
Millət vəkili Çingiz Qənizadə çərşənbə axşamı Trend-ə bildirib ki, bu qəbildən olan qanunların alkoqollu içkilərin çox istifadə edildiyi və alkoqolizm probleminin aktual olduğu olkələrdə qəbuluna zərurət var.
Qənizadə hesab edir ki, gələcəkdə psixoloqlar, pedaqoqlar Azərbaycanda belə bir problemin yarandığından narahatlıq bildirərsə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər satan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul edilə bilər.
Onun fikrincə, bu qanunun qəbulu problemin həllinə tam kömək etməyəcək.
"Belə bir qanun Rusiyada da qəbul edilmişdi, amma qanun işləyə bilmədi. Belə problemləri qanunların qəbulu ilə həll etmək mümkün deyil. İlk olaraq insanların şüuru dəyişməli, televiziyalarda və mətbuatda əxlaqi dəyərlər təbliğ olunmalıdır", - Qənizadə deyib.
Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayanlara spirtli içki satan şəxslərə qarşı inzibati məsuliyyət nəzərdə tutulur.
Qırğızıstanda yetkinlik yaşına çatmayanlara spirtli içkilər satan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və onlara qarşı cərimələrin artırılması ilə bağlı təklif irəli sürülüb.