...

"Eurovision"la əlaqədar Bakıda xüsusi parkların yaradılması təklif edilir

Cəmiyyət Materials 29 Noyabr 2011 17:12 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda xüsusi kiçik parkların yaradılması və rəngkarlar üçün xüsusi meydanın ayrılması təklif edilir.
"Eurovision"la əlaqədar Bakıda xüsusi parkların yaradılması təklif edilir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda xüsusi kiçik parkların yaradılması və rəngkarlar üçün xüsusi meydanın ayrılması təklif edilir. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev çərşənbə axşamı Trend-ə bildirib ki, həmin parklarda Azərbaycanın mədəniyyəti, tarixi ilə əlaqədar yonulmuş daş heykəllər qoymaq olar. Bununla yanaşı, heykəltəraşlar da burada canlı olaraq daş heykəllər yona bilərlər.

Atakişiyev hesab edir ki, bu parklarda işlərin canlı olaraq görülməsi "Eurovision"da iştirak üçün Azərbaycana gələn qonaqlara maraqlı olar.

"Azərbaycan mədəniyyətinin yalnız musiqidə deyil, sənətdə də yüksək olduğunu göstərmək lazımdır. Daş heykəllərin hazırlanmasını görmək turistlər üçün maraqlı olacaq. Eyni zamanda, rəngkarlar üçün indidən meydan ayırmaq lazımdır. Onlar elə orada öz əl işlərini sata bilərlər. Bütün bunlar sonrakı illərdə də Bakıda keçiriləcək "Eurovision"ı xatırladacaq", - İttifaq prezidenti qeyd edib.

Atakişiyevin sözlərinə görə, "Eurovision"la əlaqədar Azərbaycana gələn turistlər üçün fərqli reklam kampaniyaları və hər bir ölkədən gələcək turistlərin xarakterini nəzərə almaqla, fərqi suvenirlər hazırlanmalıdır.

Mütəxəssisin fikrincə, belə suvenirlər vasitəsilə Azərbaycanın öz tarixini də təbliğ etmək imkanı yarana bilər.

"Bizdə tarixdə qaraqoyunlular, ağqoyunlular olub. Bunları qoç formasında suvenir kimi hazırlamaq olar. Suvenirlər də daşdan hazırlanmalıdır. Keyfiyyətsiz hazırlanmış suvenirlər tez sıradan çıxır, amma təbii materialdan olarsa, gec sıradan çıxar. Bu işlərə rəssamlar, dizaynerlər cəlb olunmalıdır", - ekspert qeyd edib.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti