...

Əməkhaqqının artırılması Azərbaycanın ali məktəblərinin müəllimlərinə də şamil olunacaq - deputatlar

Cəmiyyət Materials 6 Dekabr 2011 15:13 (UTC +04:00)
Azərbaycanda əməkhaqqının artırılması perspektivə hesablanmış şəkildə və praktiki olaraq, hər il aparılır.
Əməkhaqqının artırılması Azərbaycanın ali məktəblərinin müəllimlərinə də şamil olunacaq  - deputatlar

Azərbaycan, Bakı, 6 dekabr /Trend müxbir M.Əliyev/

Azərbaycanda əməkhaqqının artırılması perspektivə hesablanmış şəkildə və praktiki olaraq, hər il aparılır. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

"Bu nəzərə alınsa, demək olar ki, ali məktəb müəllimlərinin də əməkhaqları artırılacaq", - deputat qeyd edib.

Onun sözlərinə görə, dövlət əhalinin əməkhaqqının artırılması məsələsini daim diqqət mərkəzində saxlayır. "Son 10 ildə minimum əməkhaqqı 3 dəfə artıb, halbuki inflyasiya 2 dəfə artıb. Bu, əhalinin sosial müdafiəsinin artmasının göstərcisidir", - Rəcəbli qeyd edib.

Komitənin sədr müavini Musa Quliyev də təsdiqləyib ki, ali məktəb müəllimlərinin əməkhaqqının artırılmasını gözləmək olar.

Onun sözlərinə görə, ali təhsil ocaqlarının maliyyələşdirilməsi iki mənbədən - dövlət büdcəsi və pullu təhsildən daxil olan vəsaitlər hesabına aparılır. Onun fikrincə, buna görə də ali məktəb müəllimlərinin məvacibinin artırılmasına xüsusi zərurət yoxdur.

"Lakin digər tərəfdən, Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, müəllim və həkimlər dövlət qulluqçuları kateqoriyasına aid ediləcəklər. Bunu nəzərə almaqla ali məktəb müəllimlərinin əməkhaqının artırılmasını gözləmək olar" , - Quliyev deyib.

O, həmçinin qeyd edib ki, təhsil müəssisələrinin işçilərinin əməkhaqqının artırılması minimum əməkhaqqının artırılması ilə bağlı deyil.

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Xəbər lenti

Xəbər lenti