...

AMEA hökumətdən doktorantura üçün əlavə plan yerləri istəyəcək

Cəmiyyət Materials 8 Dekabr 2011 17:11 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabineti qarşısında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün əlavə plan yerlərinin ayrılması məsələsini qaldıracaq.
AMEA hökumətdən doktorantura üçün əlavə plan yerləri istəyəcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabineti qarşısında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün əlavə plan yerlərinin ayrılması məsələsini qaldıracaq. Bu barədə cümə axşamı Trend-ə AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib.

Onun sözlərinə görə, əlavə plan yerlərinin prioritet elmi istiqamətlər üzrə ayrılması təklif ediləcək. Hazırda AMEA ehtiyac duyulan yerlərlə bağlı dəqiqləşdirmələr aparır. AMEA yaxın günlərdə bu işləri yekunlaşdıqdan sonra əlavə yerlərin ayrılması üçün NK-ya müraciət edəcək.

"Ölkə Prezidenti də çıxışlarında dəfələrlə deyib ki, müəyyən prioritet sahələr üzrə elmi inkişaf etdirmək və həmin sahələr üzrə yüksək səviyyəli kadrlar hazırlamaq lazımdır. Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərinin öyrənilməsi, neft və neft-kimya, ekologiya, ərzaq təhlükəsizliyi, fizika, riyaziyyat sahəsi üzrə tədqiqatların aparılmasına ehtiyac var. Bu sahələr hazırda dövlətin elm sahəsində prioritetdir", - AMEA rəsmisi qeyd edib.

O bildirib ki, yeni plan yerləri ayrılsa, həmin yerlər üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edərək yüksək nəticə göstərən, amma yerləşdirilməyən namizədlər təhsil ala biləcəklər.

Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsinə oktyabrın 19-dan başlanılıb. İxtisas fənləri üzrə qəbul imtahanları noyabrın 25-ə qədər davam edəcək.

İmtahanların keçirilməsi üçün hər bir institutda imtahan komissiyası yaradılıb.

İmtahan yazılı və şifahi şəkildə keçiriləcək. Hər bir namizəd müəyyən edilmiş vaxt çərçivəsində sualı yazılı şəkildə cavablandırmalı, daha sonra isə onu komissiya üzvlərinə danışmalıdır.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə keçirilib. AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 plan yerinə 478 nəfər sənəd verib.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti