Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda beynəlxalq konfrans keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, konfransda Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və KİV-in nümayəndələri, ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.
Açılış mərasimində ombudsman Elmira Süleymanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynli, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç çıxış edərək tədbirin məqsəd və məramını diqqətə çatdırıblar.
Müvəkkil bildirib ki, müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsini özünün ali məqsədi elan edib, bu sahədə mühüm beynəlxalq müqavilələrə qoşulub. Ölkəmizin Avropa məkanına sürətlə inteqrasiya etməsi, digər nüfuzlu beynəlxalq qurumlarla yanaşı, 10 il müddətində üzvü olduğumuz Avropa Şurasının (AŞ) mühüm sənədlərinə də qoşulması yeni qanunların qəbul olunmasına və milli qanunvericiliyə müvafiq dəyişiklik və əlavələr edilməsinə təkan verib.
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynli konfransın aktual mövzuya həsr olunduğunu söyləyib, "İnsan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda məruzə edib. Millət vəkili Azərbaycanın çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu vurğulayıb, bu sənədlərin implementasiyası üçün zəruri tədbirlər həyata keçirildiyini qeyd edib.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç BMT-nin baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə dünya ictimaiyyətinə müraciətini səsləndirib. Konfransda, həmçinin, BMT-nin insan hüquqları üzrə ali komissarı xanım N.Pillayın bu əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciətinin videolenti nümayiş etdirilib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov və digər iştirakçılar çıxışlarında müzakirə edilən mövzu ilə bağlı mülahizələrini söyləyiblər.
Beynəlxalq konfransın sonunda ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmləri müsabiqəsi və "Hüquqlar - hamı üçün" mövzusunda jurnalist yazıları müsabiqəsibib nəticələri açıqlanıb.