Azərbaycan, Bakı, 19 dekabr /Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi elektronlaşdırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda bu istiqamətdə işlər aparılır. Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün lisenziyaların verilməsinin elektronlaşdırılması ölkədə elektron hökumətin qurulması istiqamətində görülən tədbirlərdən biridir.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırda yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirlər. Bundan sonra isə nazirlik bu müraciəti araşdırır və daha sonra lisenziyanın verilib-verilməsi barədə qərar qəbul edir.
Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcək və cavablandırılacaq. Müraciətlərə qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində cavab veriləcək.
Bu ilin I yarısına olan məlumata görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyindən bu yaxınlarda Trend-ə verilən məlumata görə, ölkədə 315 mehmanxana və mehmanxana tipli obyektin lisenziyası var.
Hazırda Azərbaycanda 200-ə yaxın turizm şirkəti fəaliyyət göstərir.