...

DSMF-nin saytı "Dövlət və bələdiyyə saytları" nominasiyası üzrə ilin ən yaxşısı seçilib

Cəmiyyət Materials 26 Dekabr 2011 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı "Milli Net-2011" müsabiqəsinin "Dövlət və bələdiyyə saytları" nominasiyası üzrə qalibi seçilib. Trend-in məlumatına görə, bu barədə DSMF-nin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda bildirilir.

"Milli Net 2011" müsabiqəsinin builki qalibləri 11 nominasiya ("Korporativ saytlar", "İctimai- sosial saytlar", "Media və İnformasiya", "Mədəniyyət, incəsənət və turizm", "Ailə, uşaq və sağlamlıq", "Asudə vaxt, idman və əyləncə", "Bloqlar", "Elm və təhsil", "Dövlət və bələdiyyə", "Xidmət (Servis)", "İstifadəçi kontenti üzərində qurulmuş saytlar") üzrə müəyyənləşdirilib. DSMF rəsmi internet saytı (http://www.sspf.gov.az, www.dsmf.gov.az) "Milli Net-2011" müsabiqəsinin "Dövlət və bələdiyyə saytları" nominasiyası üzrə qalibi seçilib.

11 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Eyni zamanda, 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomları verilib.

DSMF-nin rəsmi internet saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 111 nömrəli 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində ötən il Fondun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. Saytın yeni versiyası sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi, elektron xidmətlərin göstərilməsi istiqamətində geniş imkanlara malikdir.

DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin (2010-ci il) qalibi elan olunub, Fəxri Fərmanla təltif edilib.

Xəbər lenti

Xəbər lenti