...

Müdafiə Nazirliyi yaralanmış əsgərə dövlət hesabına tibbi xidmət göstərilməməsi ilə bağlı məlumatlara münasibət bildirib

Cəmiyyət Materials 26 Dekabr 2011 11:17 (UTC +04:00)
Müdafiə Nazirliyi başından yaralanmış əsgərə dövlət hesabına tibbi xidmət göstərilməməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyi yaralanmış əsgərə dövlət hesabına tibbi xidmət göstərilməməsi ilə bağlı məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 26 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi başından yaralanmış əsgərə dövlət hesabına tibbi xidmət göstərilməməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, hərbi xidmət zamanı başından yaralanmış əsgər Elnur Ələkbərovun atası Hüseyn Ələkbərov oğluna dövlət hesabına tibbi xidmət göstərilmədiyini bildirib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumatda deyilir ki, 1992-ci il təvəllüdlü Ələkbərov Elnur Hüseyn oğlu 11 yanvar 2010-cu ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və 17 may 2010-cu ildə düşmən tərəfindən açılan atəş nəticəsində başından ağır yaralanıb.

Müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin Baş Klinik Hospitalının neyrocərrahiyyə bölməsinin rəisi Naxçıvan Muxtar Respublikasına ezam olunaraq onu cərrahiyə əməliyyatı edib və yaralının həyata qayıtmasına yardımçı olub.

Nazirliyin məlumatında qeyd olunur ki, Elnur Ələkbərov bir müddət Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hospitalda müalicə edilib və təxliyəsi mümkün olduqdan sonra 8 iyun 2010-cu ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.

10 sentyabr 2010-cu il tarixdə isə yenə də müdafiə nazirinin göstərişi ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib və üç aydan artıq, daha dəqiqi həmin ilin 26 dekabrına qədər orada reabilitasiya mərkəzində müalicə olunub.

Gülhanə Hərbi Tibb Akademiyasında xəstənin 6 aydan sonra sümük deffektinin bərpa olunmasının vacibliyi bildirilib. Həmin əməliyyat Azərbaycan Respublikasında da geniş tətbiq edilir. Elnur Ələkbərov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında respublika neyrocərrahiyyə xəstəxanasının həkimləri tərəfindən müalicə və sümük deffektinin plastikası əməliyyatı olunub.

Elnur Ələkbərov hələ Gülhanə Hərbi Tibb Akademiyasına getməmişdən əvvəl 20 avqust 2010-cu ildə hərbi həkim komissiyasından keçirilib və xəstəliyinə görə təyin olunmuş diaqnozla təxris edilərək hərbi xidmətə yararsız olduğu barədə qərar verilib.

"Buna baxmayaraq, əsgərin həm Azərbaycanda, həm də Türkiyədə müalicəsi üçün Müdafiə Nazirliyi tərəfindən qarşıdakı aylarda da nə lazımdırsa edilib. Onunla bağlı həkim komissiyası arayış verib ki, yarası hərbi travmadır və bunu Azərbaycan Respublikasının müdafiəsi zamanı alıb. Eyni zamanda, Müdafiə Nazirliyi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada əsgərin yararlılıq dərəcəsi barədə təyinat, pensiya alması üçün lazım olan bütün sənədlər, sığortalanmasından ötrü tələb olunan arayış da verilib", - məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, bundan sonra əsgərin reabilitasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan reabilitasiya hospitalında və reabilitasiya mərkəzində aparılmalıdır.

"Elnur Ələkbərovun valideynlərinin keçirdiyi hiss və həyəcanı, narahatlığı, təbii ki, başa düşürük və onlara iradımız yoxdur. Yəqin ki, onlar da qanun və qaydaların sonrakı mərhələri ilə barışıb Müdafiə Nazirliyini çox da günahlandırmamalıdırlar", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti