Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ombudsmanın müraciəti nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 12 məhkum əfv olunub. Bu barədə çərşənbə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fəaliyyət dövrü ərzində ombudsmanın vəsatətləri üzrə bu günədək ümumilikdə 351 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və b. məhkumlar əfv edilərək azadlığa buraxılıb.
Müvəkkil əfv sərəncamının icra olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 və 16 saylı cəzaçəkmə, habelə vərəmli məhkumlar üçün 3 saylı xüsusi müalicə müəssisəsində olub, məhkumlarla görüşüb.
Ombudsman Elmira Süleymanova əfv edilmiş və azadlığa çıxan məhkumlara qanun pozuntularından, cinayət törətməkdən yayınmağı, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.
Süleymanova ölkəmizdə əfvin qanunauyğunluğu və humanistliyi məsələlərinə, bərabərlik və ədalət prinsipinə daim diqqətlə yanaşıldığını, habelə hüquq-mühafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparıldığını, bu islahatların insanpərvərlik, şəxsiyyətə inam, etibar və hörmət, vətəndaş taleyinə həssas münasibət, humanizm prinsiplərinə əsaslandığını söyləyib.
Qeyd olunub ki, müvafiq sahədə qanunvericilik aktları liberallaşdırılıb, penitensiar müəssisələrdə cəza çəkən şəxslərə qarşı rəftar və şərait, qida rejimi, onlara tibbi yardım göstərilməsində, islah olunma prosesində son illərdə təkmilləşmə müşahidə olunur.