...

2011-ci ildə Mətbuat Şurasına 650-dən çox müraciət daxil olub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.Mehdiyev/

2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu cümə günü Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabatın müzakirəsi zamanı Şura sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir.

"Həmin şikayətlərdən 301-i Katiblik səviyyəsində həllini tapıb. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 198 müraciətdən 128-i bilavasitə Şuranın Şikayətlər üzrə Komissiyasında araşdırılıb ki, onlardan 92-si komissiya səviyyəsində həllini tapıb", - Amaşov bildirib.

Amaşov hesabatda əksini tapan məqamlarla bağlı geniş məlumat verərək bildirib ki, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasının başlıca iş istiqamətləri komissiyaların fəaliyyətindən, quruma daxil olan şikayət və müraciətlərin araşdırılmasından, müvafiq qərar və rəylərin çıxarılmasından, "reket jurnalistika"ya qarşı mübarizə tədbirlərindən, diffamasiya təşəbbüslərinin reallaşdırılmasından, o cümlədən ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin hazırlanmasından, Prezidentin fərman və sərəncəmlarında media ilə əlaqəli proqramların, layihələrin həyata keçirilməsindən, müxtəlif mövzularda konfrans, seminar və "dəyirmi masa"ların təşkilindən və beynəlxalq əməkdaşlıq məsələlərindən ibarət olub.

MŞ İdarə Heyətinin üzvləri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışlıranda hesabatın MŞ-nin bütün fəaliyyət istiqamətlərini kifayət qədər əhatə etdiyini bildirərək oradakı konkret məqamların daha detallı şəkildə cəmiyyətə çatdırılmasını təklif ediblər. İH üzvləri bunu və hesabat ətrafında səslənən digər fikirləri müzakirə edərək onu məqbul qiymətləndiriblər və qərara alınıb ki, yanvar ayının ilk ongünlüyündə ayrıca toplantı keçirilərək sənəd ictimaiyyətə açıqlansın.

MŞ-nin 2012-ci ildəki fəaliyyət planının müzakirəsi zamanı əsasən diffamasiya ilə bağlı təşəbbüslərin dəstəklənməsi, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların həmkarlar ittifaqlarında təmsilçiliyinin real işlək mexanizmlərinin hazırlanması yolları, KİV-lərdə reklam və elanların yerləşdirilməsinə dair qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərin görülməsi, internet medianın Mətbuat Şurasının medianın özünütənzimləmə obyektinə daxil edilməsi ətrafında diskussiyalar gedib.

MŞ sədri Əflatun Amaşov Şuranın ötən il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya haqqında qanun layihəsinin hazırlandığını və sənədin ölkə parlamentinə təqdim olunduğunu qeyd edib. O, bu günlərdə Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ında da diffamasiya məsələsinə önəm verildiyini deyərək bildirib ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub. Amaşov Şuranın mövcud istiqamətdəki təşəbbüslərə dəstək verməsinin zəruriliyini vurğulayıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistlərin Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasında təmsilçiliyinin forması ilə bağlı məlumat verib. O deyib ki, hazırda bu təmsilçilik mədəniyyət işçiləri ilə birgə həyata keçirilir. İndiki mexanizmin müstəqil şəkildə müəyyənləşdirilməsi, bununla bağlı işlərin görülməsi vacib əhəmiyyət daşıyır.

Beləliklə, müzakirələrdən sonra MŞ-nin 2012-ci il üçün fəaliyyət prioritetləri müəyyənləşdirilib. Bunlar diffamasiya ilə bağlı qanunvericilik təşəbbüslərinin dəstəklənməsindən, KİV-lərin maddi bazasının daha da gücləndirilməsi məqsədilə reklam bazarının genişləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsindən, Mətbuat Şurasında internet medianın tənzimlənməsi ilə əlaqədar komissiyanın yaradılmasından, onun fəaliyyət mexinizminin dəqiqləşdirilməsindən, MŞ-nin qaydalarında internet media fəaliyyətinin müxtəlif formalarına dair zəruri qeydlərin təsbitindən, jurnalistlərin peşəkarlıqlarının artırılması, bu məqsədilə xüsusi işlək mexanizmin tətbiqinə sistemli dəstək göstərəcək ayrıca qurumun formalaşdırılması istiqamətində işlərin görülməsindən, jurnalistlərin həmkarlar ittifaqı hərəkatındakı təmsilçiliyinin gücləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti